Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baba Vəziroğlu: “Yeddi fevral seçkisi tarixi seçki olacaq”

Baba Vəziroğlu: “Yeddi fevral seçkisi tarixi seçki olacaq”

Tarix: 1 Fevral 2024 13:58

"Əvvəlki seçkilərlə 7 fevralda keçiriləcək prezident seçkiləri arasında vacib bir fərq var. Bu fərq ondan ibarətdir ki, seçkilər ilk dəfə olaraq ərazi bütövlüyü, suverenliyi tam təmin edilmiş bir məmləkətdə keçiriləcək".

Milli.Az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında şair, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba Vəziroğlu deyib.

O bildirib ki, 7 fevral seçkilərinin əhəmiyyəti misilsiz dərəcədə böyükdür: "Hesab edirəm ki, xalqımız bu seçkilərdə böyük həvəslə iştirak edəcək. Çünki bu seçki tarixi və demokratik olacaq. Azərbaycan son illərdə ərazi bütövlüyünü təmin etməklə yanaşı, daha abad, firavan, səsi dünyada ucadan eşidilən məmləkətə çevrilib. Bu dövr Azərbaycan tarixi üçün ən mühüm mərhələlərdən biridir. Şübhə yox idi ki, Azərbaycan gec-tez öz torpaqlarını azad edib, ərazi bütövlüyünü təmin edəcək. Ancaq biz çox xoşbəxt insanlarıq ki, bu günü gördük və yaşadıq. Azərbaycan mədəniyyətinin nümayəndəsi kimi tez-tez xarici ölkələrdə oluram və diaspor nümayəndələrimizlə görüşürəm. İndiyə kimi bu qədər qürurla deməmişdim ki, mən azərbaycanlıyam. Çünki bu gün qalib ölkənin, suveren, müstəqil dövlətin vətəndaşıyam, mədəniyyət xadimiyəm. Başım uca, alnım açıqdır".

Onun sözlərinə görə, hazırki dövrdə artıq Azərbaycan qarşısında yeni prioritetlər dayanır: "Qarabağımız yenidən qurulur, abadlaşır, dünyanın cənnət guşələrindən birinə çevrilir. Eyni zamanda, ölkəmizin bütün bölgələrində abadlıq və quruculuq işləri həyata keçirilir. Bu isə çox vacib faktordur".

"Azərbaycan inkişaf edən, gələcəyə başıuca gedən məmləkətdir. Əlbəttə, gələcək üçün yeni prioritetlər, yeni planlar, yeni çağırışlar meydana çıxır və bütün bunların uğurla davam etməsi üçün prezident seçkilərinin önəmi çox böyükdür" , - deyən Əməkdar incəsənət xadimi sonda Azərbaycan xalqını səsvermədə aktiv iştirak etməyə və ölkəni bundan sonra da uca zirvələrə apara biləcək namizədə səs verməyə dəvət edib.   

Milli.Az


Etiketlər:  Baba Vəziroğlu Yeddi fevral seçkisi tarixi seçki olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ