Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 09:12
Bakı. Mətanət Nəsibova - Trend:
Trans-Xəzər qaz kəməri layihəsinə qoşulmaq Azərbaycanın regionda nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq.
Bunu Trend-ə rusiyalı ekspert İvan Pyatibratov deyib.
Onun sözlərinə görə, Trans-Xəzər qaz kəmərinin tikintisi Türkmənistanı Azərbaycanın mərkəzi rol oynadığı TANAP nəqliyyat sisteminə daxil edəcək:
“Yeni ölkənin layihəyə qoşulması Azərbaycanın regionda təsirinin artmasına xidmət edir. Bu həm də onunla bağlıdır ki, Trans-Xəzər qaz kəmərinə investisiya qoyan ölkə eyni zamanda Türkmənistan infrastrukturuna da sərmayə yatırır. Bu layihənin tikintisi Azərbaycanın ümumilikdə “Xəzər beşliyi” arasında nüfuzunu artırır. Həmin layihə ilə Azərbaycan öz akvatoriyasını Türkmənistanın akvatoriyası ilə birləşdirir. Bununla əlaqədar olaraq Xəzər dənizində güclü iqtisadi ittifaqın formalaşmasından danışmaq olar”.
Ekspert xatırladıb ki, Trans-Xəzər qaz kəmərinin tikintisinə Türkmənistan çoxdan maraq göstərib:
“Amma Xəzərin statusunun müəyyən edilməməsi ilə bağlı tikinti işləri başlanmırdı. Başlansaydı belə, Xəzər ölkələri arasında bir sıra diplomatik münaqişələrə səbəb ola bilərdi. Bu kəmərin tikintisində təkcə Türkmənistan maraqlı deyil. Türkmən qazının yekun istehlakçısı olan Avropa İttifaqı da maraqlı tərəfdir. Həm də son zamanlar Azərbaycan haqqında Yaxın Şərqin iqtisadi yollarının kəsişməsi kimi danışırlar. Mən əlavə edərdim ki, öz üzərinə daha çox nəqliyyat və energetika marşrutları götürməklə, Azərbaycan Avropa və Yaxın Şərq ölkələri arasında vacib əlaqələndirici halqaya çevrilir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin