Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO)

“Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO)

Tarix: 20 Noyabr 2019 15:16

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib.

Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, institutun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncam imzaladığını xatırladıb və tədbirin həmin Sərəncama əsasən təşkil edildiyini söyləyib.

Gövhər Baxşəliyeva bildirib ki, XIX əsrin sonu XX əsrin birinci yarısında yaşayıb-yaratmış Əhməd bəy Ağaoğlu böyük ictimai-siyasi xadim, ziyalı, jurnalist, pedaqoq, siyasətçi, yazıçı və əsl vətənpərvər şəxsiyyət olub. O, Azərbaycanda və ölkənin hüdudlarından kənarda ictimai-siyasi proseslərdə fəal iştirak edib, milli oyanış hərəkatının daim ön sıralarında dayanıb, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Əhməd bəy Ağaoğlu ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində mühüm, diqqətəlayiq xidmətlər göstərib. Bu böyük şəxsiyyətin ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

Akademik diqqətə çatdırıb ki, Əhməd bəy Ağaoğlu hər zaman məqalələrində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini qeyd edib. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən görkəmli mütəfəkkir Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Əhməd bəy Ağaoğlu qadınların geriliyini və istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni və sağalmaz yarası sayırdı.

Qeyd edilib ki, bu böyük şəxsiyyətin təklifi ilə “Difai” təşkilatı yaradılır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. O, siyasi fəaliyyətinə görə 1912-ci ildə “İttihad” və “Tərəqqi” partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı deputat seçilir. Osmanlı dövlətində yüksək məqamlara sahib olan Ağaoğlu vətənini heç vaxt unutmamışdır. Əhməd bəy Ağaoglu Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Qafqaz İslam Ordusu ilə birgə Azərbaycana göndərilir. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti yarandıqdan sonra Ağaoğlu Bitərəflər fraksiyasından Zəngəzur qəzasından parlamentin üzvü seçilir. 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh konfransında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibinə Ağaoğlu da daxil idi.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli mütəfəkkir, dövlət xadimi, XX əsrin əvvəllərində milli oyanış hərəkatının öncüllərindən biri olan Əhməd bəy Ağaoğlunun Azərbaycanın və bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri və rolu barədə danışıb. Akademik Azərbaycan və Türkiyənin istiqlalı uğrunda mübarizə aparmış Əhməd bəy Ağaoğlunun hər iki ölkənin dövlət müstəqilliyi uğrunda mübarizədə öndə gedən ziyalılardan biri olduğunu qeyd edib, böyük mütəfəkkirin hər iki ölkənin parlamentinə deputat seçildiyini vurğulayıb.

Bildirilib ki, Ağaoğlu Azərbaycanda və Türkiyədə milli-mənəvi və islami dəyərlərin qorunub saxlanılması şərtilə Şərq əsaslı və Qərb yönümlü inkişaf uğrunda fəaliyyət göstərib, məhz bu istiqamət onun publisistikasının əsasını təşkil edib. Görkəmli mütəfəkkir hər iki xalqın milli istiqlalının əldə olunmasında böyük rola malik olan mücahidlərdən biri olub. Əhməd bəy Azərbaycan və Türkiyə mətbuatında dərc olunmuş əsərlərində Qərb yönümlü cümhuriyyət tipli dövlətin qurulması ideyalarını təbliğ edib: “ Onun “Həyat” və “İrşad” qəzetlərindəki fəaliyyəti Azərbaycanda XX əsrin əvvəllərində milli oyanışa və müstəqillik, dövlətçilik uğrunda mübarizəyə hazırlıq məsələlərinin həyata keçirilməsinə böyük təkan verib. Onun “Həyat” qəzetində çap olunan məqalələri milli intibahın manifesti səviyyəsindədir. Bu qəzetin çağırışları Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxarıb”.

Akademik bildirib ki, Əhməd bəy Ağaoğlu Ankara Universitetinin Hüquq fakültəsinin qurucularından olub, eləcə də ölkəmizdə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün “Difai” təşkilatını yaradıb.

AMEA-nın vitse-prezidenti Ağaoğlu haqqında müxtəlif mənbələrdə geniş məlumatların olmasına baxmayaraq ümumiləşdirici monoqrafiyanın hazırlanmasına ehtiyac duyulduğunu vurğulayıb. Akademik bu məqsədlə AMEA-nın bir sıra institutlarının bir araya gələrək bu monoqrafiya üzərində işləməsi təklifini irəli sürüb.

Akademik İsa Həbibbəyli konfransın keçirilməsinin Azərbaycan Respublikası Prezidentinin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının AMEA-da icra olunması istiqamətində atılmış addımlardan biri kimi əhəmiyyətini bildirib, tədbirin işinə uğurlar arzulayıb.

AMEA İctimai Elmlər Bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bugünkü konfransın Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətinə, irsinə böyük töhfə olduğunu söyləyib. Akademik Ağaoglunu böyük mütəfəkkir, şərqşünas, hüquqşünas, türkoloq, filosof kimi səciyyələndirib, onun həyatı və fəaliyyəti haqqında külliyatın nəşr edilməsinin Azərbaycan elminə mühüm töhfə olacağına əminliyini bildirib.

Sonra konfransın məruzələrinə başlanılıb. Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, t.ü.e.d., professor Solmaz Rüstəmova-Tohidi “Əhməd bəy Ağaoğlu və milli kimlik” mövzusunda məruzə edib. Əhməd Ağaoğlunun milli kimlik məsələsində “iranlı” kimliyindən “türkçülüyə” doğru düşüncələrini izləyən məruzəçi ilk olaraq, Azərbaycan türkçülüyünün “patriarxı, maarifçi, mühərrir, mütəfəkkir, ictimai-siyasi və dövlət xadiminin həyat yolunu, bir şərqşünas-iranşünas tədqiqatçı kimi Fransa, İngiltərə, Qafqaz və Türkiyə mətbuatında dərc olunan İrana dair məqalələri və kitabları əsasında fəaliyyətini nəzərdən keçirib. Bu zaman Əhməd bəy Ağaoğlunun milli kimlik məsələsində iramlı kimliyindən türkçülüyə keçid mərhələsinə daha ətraflı nəzər salan S.Rüstəmova-Tohidi, onun İran və Azərbaycan türklərinə “iranlı” və “türk” kimliyi bucağından baxışlarını təhlil edib və “Azərbaycanlı” kimliyinə dair mövqeyinə münasibət bildirib.

Daha sonra Şərqşünaslıq İnstitutnun əməkdaşlarından Din və ictimai fikir tarixi şöbəsinin müdiri, f “Əhməd bəy Ağaoğlu və onun Türkiyənin ictimai-siyasi fikrinin inkişafında rolu”, Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d., dosent Məmmədəli Babaşlı “Əhməd bəy Ağaoğlunun milli ləyaqət uğrunda mücadiləsinin mahiyyəti və əhəmiyyəti”, Türk filologiyası şöbəsinin müdiri, f.ü.f.d., dosent Səriyyə Gündoğdu. “Sırati-müstəqim” dərgisində Əhməd bəy Ağaoğlunun maarifləndirici fəaliyyəti”, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Mirzə Ənsərli. “Əhməd bəy Ağaoğlu və Malta sürgünü” mövzusunda məruzə ediblər.

“Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO) “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO) “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO) “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO) “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO) “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO) “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO) “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO) “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO) “Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib (FOTO)


Etiketlər:  Əhməd bəy Ağaoğlu XX əsr görkəmli Azərbaycan mütəfəkkiri mövzusunda elmi konfrans keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ