Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2024 09:32
"Bu, həm mənim üçün, həm də Azərbaycan üçün tarixi andır".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin idman gimnastı Nikita Simonov deyib.
Bu idman növundə Avropa çempionatları tarixində Azərbaycanın ilk mükafatçısı olan gimnast Heydər Əliyev Beynəlxalq Aeroportunda yığmanın qarşılanma mərasimində Riminidəki uğurunu dəyərləndirib: "Olimpiya Oyunlarına hazırlaşırdım. Paris-2024-ə vəsiqə qazanmaq üçün maksimum qüvvəmi sərf etdim. Amma təəssüf ki, Dohadakı yarışda yalnız gümüş medal qazandım. Əgər Qətərdəki Dünya kubokunda qalib olsaydım, Fransa paytaxtına gedəcəkdim. Səhvlər üzərində çalışacağıq. Riminidə tarixi medal qazandım".
Simonov bildirib ki, yarış kifayət qədər çətin keçib: "Dohadakı Dünya kuboku aprelin 20-də başa çatıb. Cəmi iki gün sonra biz Riminidə yarışöncəsi məşqlərə çıxdıq. Lakin buna hazır idik. Avropa çempionatında qələbə üçün bir az çatmadı".
Gimnastımız Dünya kubokundan sonra Riminiyə emosional baxımdan yaxşı vəziyyətdə yollanmayıb: "Bu, sanki qəlbin parçalanması idi. Çünki bütün ürəyimi öz işimə qoymuşdum və Olimpiadaya vəsiqə üçün mübarizə aparırdım. Bu, mənim xəyalım idi və belə də qalacaq. Heç nəyə baxmayaraq ona doğru can atmağa davam edəcəm. Bundan sonra da çalışmaq, hərəkətlərin çətinliyini artırmaq lazımdır ki, dünya və Avropa çempionatlarında birinci olum və Olimpiadadan medal gətirim".