Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 19:42
Bakı. Trend:
Bizi bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "Düşünürəm ki, ölkələrimizi bir-birinə bağlayan məsələlər haqqında danışmaq üçün yaxşı imkandır. Mən şadam ki, münasibətlər çox uğurla inkişaf edir. Əlbəttə, yüksək səviyyədə qarşılıqlı səfərlər bizim əlaqələrimizi möhkəmləndirir. Mən bir neçə dəfə, o cümlədən rəsmi səfərlə sizin ölkənizdə olmuşam. Bolqarıstan prezidentləri dəfələrlə Azərbaycana səfər ediblər. Həmçinin Baş Nazir cənab Borisov da bizim qonağımız olub. Beləliklə, ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur.
Əlbəttə ki, biz energetika sahəsində də əməkdaşlıq edirik. Bolqarıstan Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının işində həmişə yüksək səviyyədə, nazir səviyyəsində iştirak edir. Əminəm ki, ölkələrimizi birləşdirən bu layihə yaxın vaxtda uğurla başa çatdırılacaq. Beləliklə, uzun illər ərzində biz energetika gündəmi ilə bağlı olacağıq. Lakin, həmçinin əmtəə dövriyyəsinin də artırılmasını nəzərdə tuturuq. Düşünürəm ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından sonra ölkələrimizin biznes qurumları bir-biri ilə daha çox əlaqə saxlayacaq və daha sıx əməkdaşlıq edəcəklər".
Azərbaycan Prezidenti vurğulayıb ki, gələcək əməkdaşlığın daha bir istiqaməti nəqliyyat sahəsidir:
"Azərbaycan artıq qonşu ölkələrə və digər dövlətlərə yüklərin Şərq-Qərb marşrutu ilə daşınması üçün tranzit xidmətləri göstərir. Beləliklə, əminəm ki, bu mühüm dəhlizin genişləndirilməsi ilə ölkələrimizdən yük göndərənlər əməkdaşlıq üçün əlavə imkanlar əldə edəcəklər.
Əlbəttə, siz səfər çərçivəsində həm Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq mövzusuna, həm də ictimai asayişin, təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərə toxunacaqsınız. Təcrübə mübadiləsi də böyük əhəmiyyət kəsb edir. Daxili işlər orqanları ictimai asayişin qorunması, vətəndaşların dinc yaşayışının təmin edilməsi üzrə mühüm vəzifəni yerinə yetirirlər. Lakin qeyd etməliyəm ki, artıq uzun illər ərzində həm Bolqarıstanda, həm də Azərbaycanda ictimai-siyasi sabitliyin olduğunu nəzərə alaraq, polis orqanlarının işi sizin bəzi həmkarlarınızın işindən daha azdır. Biz bir sıra inkişaf etmiş ölkələrin polis orqanlarının demək olar ki, hər gün nümayişçilərlə necə davrandığını, onları döydüklərini, öldürdüklərini, xəsarət yetirdiklərini, qaz, su, dəyənəklə, itlərlə qovduqlarını və çox böyük qəddarlıq nümayiş etdirdiklərini televiziyada görürük. Həm də biz bu cür halları dünyanın müxtəlif ölkələrində, müxtəlif regionlarında, o cümlədən ən inkişaf etmiş ölkələrdə görürük. Lakin Azərbaycanda bizi bir məsələ həmişə maraqlandırır, nə üçün insanların hüquqlarının təmininə cavabdeh olan beynəlxalq təşkilatlar bəzən dinc nümayişçilərin qəddarcasına, qeyri-insani dağıdılmasını görərkən susurlar? Azərbaycanda hansısa kiçik epizod baş verdikdə isə, məsələn, təxminən bir ay əvvəl qanunsuz aksiyanın qarşısının heç bir güc tətbiq etmədən alınmasından sonra beynəlxalq təşkilatlar, bəzi ölkələrin Azərbaycandakı səfirləri bəyanatlar verməyə başlayıblar və az qala hökumətimizi ittiham etməyə cəhd ediblər. Bu hal Avropada həm də qurbanlarla, qətllərlə, xəsarətlərlə, nümayişlərin dağıdılması ilə baş verdikdə isə hüquq müdafiə təşkilatları və beynəlxalq strukturlar susurlar. Bu, ikili standartların təzahürüdür və bu ikili standartlar onları nümayiş etdirən həmin təşkilatları nüfuzdan salır. Kimisə hər hansı məsələdə ittiham etmək üçün, ilk növbədə, buna mənəvi haqqın olmalıdır. Bizi isə bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər.
Lakin bir daha demək istəyirəm ki, istər Bolqarıstanda, istərsə də Azərbaycanda ictimai-siyasi sabitlik və asayiş xalqın iradəsi ilə təmin olunur. Sizin ölkəniz mənim dostum cənab Borisovun rəhbərliyi ilə inkişaf və sabitlik yolu ilə irəliləyir. Biz bunu yüksək qiymətləndirir və sizi bütün bu uğurlar münasibətilə təbrik edirik. Beləliklə, mən bizim daxili işlər orqanlarının işinin o qədər də çox olmadığını dedikdə məhz bunu nəzərdə tuturam. Arzu edirəm ki, həmişə sizin işiniz az olsun".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin