Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2024 06:42
Bu gün günortadan sonra İranın 9-cu Prezidenti Məsud Pezeşkian prezident seçildikdən sonra İran və xarici jurnalistlərin iştirakı ilə ilk mətbuat komfransını keçirib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, konfrans İslam Ölkələri Başçılarınn iclas zalında baş tutub.
O, bundan əvvəl nəzərdə tutulan konfransın keçirilmədiyinə aydınlıq gətirib, ilk konfransın bir sıra vacib işləri gördükdən sonra keçirilməsinin daha məqbul olduğunu düşündüyü üçün media nümayəndələri ilə görüşü gecikdirdiyini deyib.
Müsəlman ölkələrin birliyinin vacibliyindən danışan Pezeşkian belə bir birliyin yaranacağı təqdirdə vahid dil və bazarın formalaşa biləcəyi ideyasının reallaşacağını, müsəlmanların başqalarının qarşısında hüquqlarının müdafiəsinin daha asan olacağını söyləyib.
İqtisadi məsələlərlə bağlı juralistlərin suallarını cavablandıran Məsud Pezeşkian ilk addımda daxili mübahisələri həll edilməsinin zəruriliyini, istehsalçılara və investorlara inamlı və münbit zəminin təmin edilməsinin vacibliyini vurğulayıb.
İran Prezidenti növbəti dəfə Əli Xameneiyə sadiqliyini və onun təyin etdiyi strategiyanı irəli aparmağa çalışdığını təkrarlayıb.
"Ölkəni inqilabın rəhbərinin dediyi səviyyəyə çatdırmaq üçün FATF-ə üzv olmaq və nüvə sazışı ilə bağlı danışıqlar sahəsindəki problemlərimizi həll etməliyik", - o bildirib.
Yaxın vaxtlarda Türkiyəyə səfər etmək niyyətində olduğunu açıqlayan Pezeşkian "Türkiyə bizim dostumuz və qardaşımızdır. Türkiyə İran vasitəsilə Pakistan və Əfqanistanla ticarət əlaqəsi qura bilər, elə bir yol açmalıyıq ki, siz İrana, biz isə Türkiyəyə rahat gələ bilək", - İran Prezidenti türkiyəli jurnalistin sualını cavablandırarkən qeyd edib.
Fransalı jurnalistin sualını cavablandıran Pezeşkian İsrailin İranı müharibəyə cəlb etmək istədiyini iddia edib:
"İsrailin bölgədə etdiyi iş, həmçinin İsmayıl Haniyəni Tehranda öldürməklə nümayiş etdirdiyi əməl bizi regional müharibəyə sürükləmək istəyindən irəli gəlir. Biz qanunlar çərçivəsində addım atırıq. Müdafiə, İsrailə vaxtında, əlverişli şəraitdə və müəyyən üsullarla cavab vermək hüququnu özümüzdə saxlayırıq".
Məsud Pezeşkian yaponiyalı jurnalistin İranın Rusiyaya raket tədarükü barədə sualına cavab verib və bunun sadəcə Amerika və Qərbin iddiası olduğunu bildirib:
"Biz Rusiya ilə əməkdaşlıq edirik, ABŞ bizə qarşı sanksiya tətbiq etdiyi halda Rusiya bizə yardım edib və bizim Rusiya ilə müəyyən əlaqələrimiz var, bu əlaqələri kəsə bilmərik. Ancaq qəti şəkildə deyirəm ki, biz Rusiyaya heç nə verməmişik, ona görə ki, biz sülh tərəfdarıyıq, kimsə ilə davamız yoxdur".
O, Amerika və Avropa ilə İran arasında olan problemlərin həlli və gərginliyin azaldılması üçün Yaponiyanın istənilən vasitəçilik təşəbbüsünü müsbət qarşıladığını söyləyib.