Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2024 14:10
Ötən axşam "Qarabağ" futbol klubunun UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olmasına təəssüflənirəm. Oyundan öncə komandanın motivasiyası yaxşı deyildi. Komandamızı oyunun keçiriləcəyi stadiona gətirən avtobusun tıxaca düşməsi motivasiyanı aşağı salmışdı.
Sonxeber.net xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı, "Qarabağ"ın sadiq azarkeşi Aqil Abbas deyib.
"Komandamızı qəsdən tıxaca salıb, oyuna gecikdirmişdilər. Tıxacda adamın əsəbi pozulur. Bakıda işə gedib-gələndə tıxaca görə başımız xarab olur, bir müddət özümüzə gələ bilmirik", - deyə o əlavə edib.
Aqil Abbasa görə, "Qarabağ" Azərbaycanda ən azı özü kimi 4 komanda olduqda, Avropa futbolunu fəth edəcək:
"Hələ ki belə bir imkan yoxdur. Təsəvvür edin, "Qarabağ" "Tottenhem"lə oynayıb gəlib, sabah da "Kəpəz"lə, "Səbail"lə oynayacaq. Bu fərqi hiss etmək elə də çətin deyil. Azərbaycanda gərək, çempionluq uğrunda "Qarabağ" kimi 4-5 komanda mübarizə aparsın ki, komanda da tam yetişsin".
Millət vəkili bildirib ki, futbolçu Tural Bayramov penaltini vursaydı, oyun fərqli qaydada gedəcəkdi:
"Onun penaltini vura bilməməsi pis oldu. Bütün bunlara baxmayaraq "Qarabağ"a, Qurban Qurbanova inanıram".
Qeyd edək ki, ötən gecə Londonda "Tottenhem Hotspur" stadionunda keçirilən UEFA Avropa liqa mərhələsinin I turunda "Qarabağ" "Tottenhem"ə 3:0 hesabı ilə məğlub olub.