Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 12:51
Bakı. Elçin Mehdiyev - Trend:
2016-cı ildə keçirilən referendum və konstitusiyaya edilən əlavə, dəyişikliklər bu gün nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza rolunu oynayır. Konstitusiyanın 98-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən yeni islahatlar başlandı. Bu islahatlar mərkəzi və icra, məhkəmə hakimiyyətini əhatə etmiş oldu.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O qeyd edib ki, bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib: “Bununla yanaşı, parlamentin fəaliyyətinin də təkmilləşdirilməsi ilə bağlı cəmiyyətin də düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda partiyanın xüsusi siyasi mədəniyyətini göstərir”.
Ə.Hüseynli hesab edir ki, bir sıra ekspertlər və opponentlər tərəfindən Milli Məclsiin buraxılmasının konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yanlış yanaşmadır:
“Çünki bu məsələ konstitusiyasının 98-ci maddəsində qeyd olunub. Milli Məclisin buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim konstitusiyamıza və hüquq sisteminə uyğundur”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin