Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ekvita” şirkəti Vergi Məcəlləsindəki dəyişikliklərin izahını verir

“Ekvita” şirkəti Vergi Məcəlləsindəki dəyişikliklərin izahını verir

Tarix: 8 May 2019 12:39

Bakı. Trend:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 76-dan çox maddəsinə düzəlişlər edilib.

Vergi Məcəlləsinə edilən dəyişiklikər heç də həmişə sadə dildə yazılmır və bir çox iş adamları bu dəyişiklikləri anlamağa çətinlik çəkir. Cəmiyyətdən gələn istəkləri nəzərə alan “Ekvita” şirkəti bu dəyişikliklərin izahını vətəndaşlara çatdırılması üçün təşəbbüs göstərməyə davam edir.

Ümumiyyətlə, dəyişikliklər çox əhəmiyyətli və əsaslı dəyişikliklərdir. Bu dəyişikliklər aşağıdakı 5 əsas istiqamət üzrə edilmişdir:

Sahibkarlığın dəstəklənməsi; Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması; Vergitutma bazasının genişləndirilməsi; Vergi inzibatçılığının təkmilləşdirilməsi; Vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

Məqalənin həcm məhdudiyyətini nəzərə alaraq biz işgüzar (biznes) adamları maraqlandıracaq və aktual məsələlərdən biri olan vergi yoxlamaları ilə əlaqədar dəyişikliklərdən danışmaq istəyirik. Aşağıda bu dəyişikliklərə dair qısa xülasəni nəzərinizə çatdırırıq.

1 yanvar 2019-cu il tarixindən sonra operativ yoxlama vergi nəzarəti zamanı da sənəd və nümunə kimi əşyaların götürülməsinə yol veriləcək. Əvvəllər buna Vergi Məcəlləsi imkan vermirdi.

Dəyişikliklərdən sonra sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülə bilər. Dəyişikliklərdən öncə sənəd və nümunə kimi əşyaların götürülməsi yalnız gündüz vaxtı (saat 08:00-dan 20:00-a qədər) mümkün idi. Hal-hazırda isə əgər vergi ödəyicisinin iş və ya faktiki iş vaxtı gecəyə təsadüf edirsə, sənəd və nümunə kimi əşyaların götürülməsi gecə də götürülə bilər. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbərinin (rəhbərin müavini) çıxaracağı qərarların sayı artıb. Əlavə olaraq aşağıdakı qərarlar verilə (çıxarıla) bilər:

əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; yeni qərarın qəbul edilməsi.

Göründüyü kimi, vergi orqanının rəhbərinin (rəhbərin müavini) çıxaracağı qərarların siyahısı genişləndirilmişdir. Yuxarıda sadalanan qərarlar növbədənkənar səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir.

Yeni düzəlişlərə əsasən artıq vergi orqanının hesabladığı (o cümlədən vergi yoxlamalarının nəticəsində) vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət verildikdə və ya Vergilər Nazirliyinin qərarı olduqda vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların (o cümlədən vergi yoxlaması nəticəsində yaranan borcların) vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verməyəcəkdir.

Bu çox proqressiv bir dəyişiklikdir. Belə ki vergi yoxlamalarının (kameral, səyyər və ya operativ) qərarlarının düzgün və ya əsassız olduğu halda vergi ödəyicisinin vəsaitinin dövlət büdcəsinə ödənilməsi və nəticədə biznesdən kənarlaşdırılmasının qarşısını alacaqdır.

Yeni dəyişikliklərə əsasən inventarizasiya səyyar vergi yoxlaması həmçinin səyyar vergi yoxlaması zamanı məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə aparıla bilər. Yenə də bu vergi orqanlarının inventarizasiya səyyar vergi yoxlamasının aparılması səlahiyyətlərini genişləndirir.

Yuxarıdakı dəyişikliklərdən aydın olur ki, vergi ödəyicilərinin xeyrinə olan mühüm dəyişikliklər edilib. Eyni zamanda vergi orqanlarının vergi yoxlamaları ilə bağlı səlahiyyətləri artırılıb.

Günel Hadıyeva

Samirə Məlikova

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ekvita şirkəti Vergi Məcəlləsindəki dəyişikliklərin izahını verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ