Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 20:48
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı arasında əməkdaşlıq özünüməşğulluq proqramını da əhatə etməklə, işsiz və işaxataran şəxslərin kiçik biznesə çıxışına imkan verən bu proqramın genişlənməsinə öz mühüm dəstəyini verəcək".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Sebastian Molineus və Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə görüşdə bildirib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan köklü islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan mühüm addımlar barədə məlumat verən nazir aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini deyib. O, ötən dövrdə nazirliklə Dünya Bankı arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib. Birgə icra olunan layihələrin əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatlarda önəmini diqqətə çatdırıb.
S.Babayev “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsinin özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluğun təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin institisonal potensialının artırılması və s. işlərdə töhfəsini verəcəyini qeyd edib.
S.Molineus və qiymətləndirmə missiyasının üzvləri əməkdaşlıq müstəvisində aparılan işlərlə bağlı fikirlərini bölüşüblər. Görüşdə Dünya Bankının nazirliklə hazırki və gələcək əməkdaşlığına dair fikir mübadiləsi aparılıb, “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə görüləcək birgə işlər müzakirə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin