Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Erməni soyqırımı'' abidəsi söküləcək?

''Erməni soyqırımı'' abidəsi söküləcək?

Tarix: 26 Yanvar 2025 17:21

Ermənistanın Baş naziri Nikol Paşinyan Davos iqtisadi forumunda iştirak məqsədilə İsveçrədə olub. Paşinyan Zürixdə erməni diasporu ilə biraraya gəlib. O burada  "erməni soyqırımı" məsələsindən danışıb və bunun yenidən araşdırılmasının zəruri olduğunu deyib.

"Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.

Erməni mətbuatının iddiasına görə, Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verib və həmin illərdə ölən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Paşinyanın bu təşəbbüsünü "çox təhlükəli" adlandıranlar da var. Müxalifətçilər iddia ki, bu inkar tezisidir və bunu türklər ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxıb. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini Türkiyədən tapşırıq almaqda ittiham edənlər də az deyil.      

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Zürixdə erməni diasporu ilə görüşdə cəsarətli və və aktual fikirlər söyləyib:

"Erməni cəmiyyəti üçün bu fikirlər hər halda yenidir və fərqli görüşün ortaya qoyulmasıdır. Məsələyə belə münasibət bəslənilməsini Türkiyə və Azərbaycan 30 ildən çox müddətdir ki, irəli sürüblər. 1915-ci il hadisələrinə yalnız erməni soyqırımı kimi yox, o dövrün reallığı kimi baxmaq və qiymətləndirmək lazımdır. Cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə Türkiyənin arxivlərin açılmasına hazır olduğunu, ermənilərin də əlindəki arxiv materiallarını açmasını və birgə komissiyada məsələnin siyasətçilər yox, tarixçilər tərəfindən öyrənilib, qiymətləndirilsini təklif edib. Bu, daha doğru fikir idi. Paşinyanın indiki çıxışı da həmin fikrə əsaslanan yeni tezisdir. Ölən ermənilərin adbaad siyahısı tərtib olunsa, məlum olacaq ki, həmin hadisələrdə 1,5 milyon erməni yox,  ondan qat-qat az insan tələf olub. Ölənlərin böyük hissəsi də birbaşa öldürülənlər deyil. Ölüm halları Osmanlı dövlətinin qərarı ilə Anadoluda yaşayan və çar Rusiyası tərəfinə keçərək Osmanlıya qarşı üsyana qalxıb, savaşan ermənilərin ölkənin cənub və mərkəz əyalətlərinə, indiki Suriya və Livana köçü zamanı baş verib. Arxivlər açıldıqda ölən ermənilərin  sayının az olduğu məlum olacaq. Anadoluda qətlə yetirilən türk və kürdlərin sayı ermənilərdən bəlkə də çox olacaq".

Komitə sədri Qərbi Azərbaycandan deportasiya edilənlərin də adbaad və kəndbəkənd siyahısının tərtib edilməsinin müsbət hal olacağını deyib:

"Yaxşı olardı ki, cənab Paşinyan həmin hadisələrdə ölən şəxslərin adbaad siyahısını çıxartmaq təşəbbüsündədirsə,  deportasiyaya uğrayan və etnik təmizləməyə məruz qalan azərbaycanlıların da adbaad və kəndbəkənd siyahısını hazırlasınlar. Onda məlum olacaq indiki Ermənistan adlanan ərazilərin bütün əhalisi,demək olar ki, azərbaycanlılardan ibarət olub. Rəsmi məlumatlara görə iki il ərzində 1 milyondan çox azərbaycanlı dədə-baba torpaqlarından deportasiya edilib və yüz minə yaxın insan qətlə yetirilib. Qarşılıqlı ittihamlar irəli sürüldüyü təqdirdə bizim söyləyəcəyimiz sözlər daha çoxdur.  Digər məsələ ondan ibarətdir ki,  başda Paşinyan olmaqla Ermənistan hökuməti başa düşür ki, müstəqil və suveren dövlət kimi qalmaq istəyirlərsə, qonşu dövlətlərlə, xüsusilə Türkiyə və Azərbaycanla normal qonşuluq münasibəltəri qurmalıdır. Saxta soyqırımı iddialarını davam etdirməklə, səmimi dostluq, qonşuluq münasibətləri bərpa etmək mümkün deyil. Bu mənada Paşinyanı qaldırdığı bu məsələ eyni zamanda Ermənistanın daxili auditoriyasına yönəldilən mesajdır. Paşinyan doğru olaraq vurğulayır ki, 1939-cu ilə qədərə bu məsələdən danışılmırdı. Çünki İkinci Dünya Müharibəsindən sonra erməni diasporu formalaşır.Onların əsas məqsədləri xarici ölkələrdə yaşayan erməniləri SSRİ-yə qarşı qaldırmaq olub. SSRİ isə Türkiyəyə qarşı özünün iddialarını, siyasi qərəzini nümayiş etdirmək üçün erməni kartından istifadə edirdi.  1950-ci illərdə ilk dəfə "erməni soyqırımı" məsələsi gündəmə çıxıb. Bu zaman söhbət 300-350 min erməninin qətlindən gedirdi. Sonradan rəqəmləri artırdılar. Ermənistandakı saxta milliyyətçilər, Paşinyana qarşı müxalif olan qüvvələr bu fikirləri yaxına qoymurlar ki, saxta soyqırımından istifadə etsinlər".

M.Quliyev "erməni soyqırımı" abidəsinin aradan götürülməyəcəyini vurğulayıb:

"Onun artıq önəmi yoxdur. Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Bundan sonra orada abidənin olub-olmamasının o qədər də ictimai,siyasi əhəmiyyəti qalmayacaq".


Etiketlər:  Erməni soyqırımı abidəsi söküləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ