Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evli olduğum o dörd ilə heyfim gəlir...'' - Mehriban Xanlarova ilə müsahibə - FOTO

''Evli olduğum o dörd ilə heyfim gəlir...'' - Mehriban Xanlarova ilə müsahibə - FOTO

Tarix: 3 Mart 2025 22:35

Sonxeber.net kulis.az-a istinadla Əməkdar artist, Akademik Milli Teatrın aktrisası Mehriban Xanlarova ilə müsahibəni təqdim edir.

Mehriban Xanlarova Nayman Ana obrazına necə hazırlaşıb?

- Mehriban xanım, hazırda teatrda vəziyyət necədir?

- Teatrda şəxsən mənim vəziyyətim çox yaxşıdır. İki tamaşam var. İllərdir ki, "Manqurt" tamaşasında Nayman Ananı oynayıram. O roluma görə Qırğızıstanda ən yaxşı aktrisa seçildim. Bir də "Şükriyyə" tamaşasında Zöhrə obrazı var. Bu iki rola mən öz möhürümü vurmuşam. Heç vaxt "mən-mən" deməmişəm, ancaq indi görürəm ki, lazımdır.

- Nayman Ana mürəkkəb obrazdır. Rola necə hazırlaşdınız? Nələrdən bəhrələndiniz?

- Mənə demişdilər ki, bir tələbənin diplom tamaşası olacaq. Dedilər ki, sən də bu rolu oynayacaqsan. Anar Babalı ilə işlədik. Əvvəl mənə yad gəlirdi. Elə bilirdim ki, duya, qavraya bilmərəm. Ancaq sonradan yavaş-yavaş özümdə, qəlbimdə o obrazı yarada bildim.

- Tamaşadan əvvəlki həyəcan... Alqışlar... Peşəkarlaşandan sonra o həyəcan itmir ki?

- Teatrda işləyən hər kəs bilir ki, mən neçə ildir oynamağıma baxmayaraq, hər dəfə "Manqurt" tamaşasından əvvəl həyəcanlanıram. Mənim yeməyim-suyum tamaşaçının alqışıdır.

Bu yaxınlarda 7-8-ci sinif şagirdləri üçün bir tamaşada oynadım. Mən oynadıqca görürdüm ki, o uşaqlar ağlayır. Demək ki, o duyğunu onlara ötürə bilmişəm. Sonra bir-bir onlarla şəkillər çəkdirmişəm. Uşaqlarla işləməyi sevirəm. Bəziləri fəxri ad alandan sonra uşaq tamaşalarında oynamırlar. Ancaq mənim üçün fərqi yoxdur.

- Belə koloritli aktrisa necə bir ailədə doğulub?

- Kasıb fəhlə ailəsində anadan olmuşam. Rəhmətlik atam lal-kar idi. Anam sağdır, o da lal-kardır. 2-ci mikorayonda doğulmuşam. Yeddi uşağın dördüncüsü olmuşam. Hazırda bir qardaş, iki bacı qalmışıq. Çoxunu cavan itirmişik.

- Anadangəlmə lal-kar idilər?

- Atamda yeddi yaşından sonra oldu. Meningit olub, ondan sonra problem yaranıb. Deyiblər, Leninqrada (indiki Sankt-Peterburq) aparın, babam aparmayıb ki, uşaq ölər. Anam isə anadamgəlmə elə olub. Ancaq bizim heç birimizdə belə problem olmayıb.

- Amma istər-istəməz belə bir ailədə doğulmağın, yaşamağın çətinlikləri olub.

- Əlbəttə. Lal dilinə o qədər öyrənmişdik ki, qonşu nəsə istəyəndə lalca istəyirdi, sonra gətirirdim. Sonra yavaş-yavaş öyrəşdim. Mən üçüncü sinifə qədər hərf tanımamışam. Çünki öyrədən olmayıb. 190 saylı məktəbə gedəndən sonra öyrəndim.

Mehriban Xanlarova ilə Zeynəb Xanlarovanın münasibətləri necədir?

- Bəlkə, elə buna görə Zeynəb xanım (Zeynəb Xanlarova) sizi öz himayəsinə götürüb.

- Bəli. Mən və böyük bacım onlara getdik. Onun üzərimizdə böyük əməyi var. Bu əməyi dansam, Allah burnumdan gətirər. O ailənin sayəsində oxuma-yazma öyrəndim.

- Həmin vaxtlar Zeynəb Xanlarova ölkənin bir nömrəli müğənnisi idi. Onunla birgə yaşadığınız günləri necə xatırlayırsınız?

- Çox yaxşı. Səmimi idi. Qayğımıza qalırdı. O, dünyanın fəxri olduğu kimi ailəmizin də fəxridir.

- Bəs necə oldu o evdən çıxdınız?

- Mən 8-ci sinifdən artıq məktəbdən çıxmışdım. Davam eləmədim. Ailəyə yük olmamaq üçün oyuncaq fabrikində işlədim. Gələcəyimi fikiləşdim, gecə məktəbinə sənədlərimi verdim. Mən istəmişəm ki, ailəm heç nədən geri qalmasın.

- Qonum-qonşunun sizə münasibəti necə idi?

- Çox yaxşı. O vaxt qonşularımızın çoxu ermənilər idi. Neçəsini tutub döymüşəm. Söz götürən deyildim. İndi fikirləşirəm ki, elə yaxşı eləyib döymüşəm. İndi qonşuların bir-birindən xəbəri yoxdur.

Mehriban Xanlarova kinoya necə gəldi?

- Sizi belə bir ailədən kinoya nə gətirdi?

- Heç vaxt aktrisa omaq arzum olmayıb. Məktəb tədbirlərində mahnı oxuyurdum. Ancaq aktrisa olacağım ağlıma da gəlməzdi. Mən Moskvaya getmək istəyirdim. O vaxt kinostudiyada sənəd yığırdılar. Dörd nəfər idik:iki qız, iki oğlan. Həmidə Ömərova da orada idi. Məni şəkil çəkdirməyə apardı. Sonra "Sarıköynək və Valehin nağılı" filmi üçün sınaq çəkilişləri oldu. O çəkilişlər də Moskvaya göndərildi. Heç ağlıma da gəlməzdi ki, seçilərəm. Birinci turdan keçdim. İkinci sınaqdan kəsildim. Ağlaya-ağlaya çıxırdım ki, kimsə çağırdı ki, Akina, gəl. Akina da həmin dövrlərdə Filippinin prezidenti idi. Məni ona oxşadırdılar. Dedilər ki, seçilmisən. Qəbələyə getdik. Eşidirdim, deyirdilər ki, bu qız kameranın qabağında çox sərbəstdir. Əhməd Salahov əlimdən tutdu, gəldik İncəsənət İnstitutuna. Şəfiqə Məmmədova dedi ki, sənədlərini ver. Verdim, iki 5 aldım, bir 4. Sevincimin həddi-hüdudu yox idi.

- Deyirsiniz ki, aktrisa olmaq arzum yox idi. Bəs necə sevdiniz bu sənəti?

- Mənə bu sənəti tamaşaçı rəğbəti sevdirdi. İnstitutda oxuyurdum, mənə məktublar yazırdılar. O vaxt yeganə kanal AzTV idi. Ora çıxırdım. Hər dəfə çıxanda qonorar verirdilər.

- Siz Azərbaycan kinosunda fahişə obrazını canlandıran ilk aktrisasınız. "Sahilsiz gecə" filmindəki Zibeydə obrazı. Təklif necə gəldi?

- İlk filmimin çəkilişində burnunda danışam bir kişi var idi. Bir gün institutda idim, dedilər ki, Şahmar müəllim (Şahmar Ələkbərov) səni çağırır. Sən demə, o kişi Şahmar müəllimə məni məsləhət görüb, o da deyib ki, gəlsin, baxım. Şahmar müəllim məni, Nuriyyə Əhmədovanı və Kəmalə Müzəffəri seçdi. Orda vuruşma səhnəsini bir dubla çəkmişik.

- O obraz sizin pasportunuzdur. Zibeydədə sizdən nə var?

- Mən də hər şeyi öz zəhmətimlə, dişimlə-dırnağımla qazanmışam. Vaxtilə mənim də gözümün qabağından sevdiyimin toy xonçaları keçib. Anam-atam lal-kar olduğuna görə sevdiyim oğlanı başqası ilə evləndiriblər.

- Deyirlər ki, o filmdən sonra sizi döyüblər.

- Qətiyyən! Yalandır hamısı. Düzdü, qadınlar yığışıb kinostudiyanın həyətinə gəliblər, ancaq döyülmə olmayıb. O film bu gün də çəkilsə, sevə-sevə oynayaram.

- Ondan sonra davamı gəlmədi sanki?

- "Qəzəlxan"da çəkildim. Kiçik rol idi, ancaq Şahmar müəllimə görə oynadım. Bu yaxınlarda bir seriala dəvət elədilər, imtina elədim. İstədiyim qonorar verilməsə, çəkilməyəcəm. Mən soğanla, dərmanla ağlayan aktrisalardan deyiləm. Yıxılsam da, doğrudan yıxılaram, şillə yesəm də doğrudan yeyirəm.

- Qonorarınız nə qədərdir?

- Serial üçün aylıq 1500 manat. Kim versə, oynayacam, verməsə yox. Bəziləri deyir ki, əvəzolunmaz aktrisa yoxdu. Kim məni əvəz eləyə bilər?

- Televiziyalara ekspert kimi də qonorarla çıxırsınız?

- Xeyr. Mən emosional danışıram, sözü üzə deyirəm. Bəziləri bunu qəbul eləmək istəmir. İstəyirlər ki, sən də yaltaqlıq eləyəsən. Mən haqqı deməyəcəmsə, orada niyə otururam? Mən buyam. Bundan sonra dəyişməyəcəm ki. Bəzən deyirlər ki, sizə yaraşdırmırıq elə verilişlərə çıxmağı. Ancaq tamaşaçılar mənə yazır ki, siz efirə çıxanda baxırıq verilişə.

- Sizi orada ən çox sarsıdan hadisə hansı olub?

- Orada 19 yaşlı fiziki qüsurlu qız var. Böyük sözünə qulaq asmır. Mən burdan çıxıb, o verilişə gedib o mövzunu bağlayacam. Əkbər var, qızdan - Pərvindən boşanmayıb, özünə təzə qız axtarır. Sən niyə efirdən qız axtarırsan? Nəyə görə ilk dəfə evlənəndə demədin ki, mənə fiziki məhdudiyyətli xanım gəlsin, onunla evlənmək istəyirəm? Mənə nələrsə dedi. Mən də dedim ki, o qız sağlam idi, arxasında duranlar var idi, bunun yoxdur. Buna biz dayaq olmalıyıq. Və niyə bu qız ər fikirləşir? Sən hələ bir müalicə olun, düzəl. Oxuyursan da. Əkbər də bunun atası yaşındadır. İndi anası sağdır, o baxır. Anası öləndən sonra ona baxacaqsan, qucağında gəzdirəcəksən, çimizdirəcəksən, altını təmizləyəcəksən? Sən də kişisən, istəyərsən ki, yoldaşın qulluğunda dursun.

- Bu çıxışlarda əsəb, stres yaşayırsınız. Üstəlik, teatrda. Özünüzə yazığınız gəlmir?

- Məni məndən çox tamaşaçılarım fikirləşir. Dəfələrlə yazırlar ki, xahiş eləyirik, əsəbiləşməyin. Evinizdə yaşlı ananız var. Ha istəyirəm özümü cilovlayım, alınmır. Bir dəfə sakit oturmuşdum, Zaur dedi ki, ay Mehriban xanım, nolub sizə? Dedim ki, mövzu mənlik deyil. Həyasız da desələr, aqressiv də desələr, vecimə deyil. Nə varsa, onu deyirəm.

- Zaur Baxşəliyev də sanki hər şeyi sizə yönəldir ki, danışasınız.

- O, verilişin layihə rəhbəridir. Bilir ki, mən nə desəm, haqqına deyəcəm. Bəzən onunla da razılaşmıram. Fikrimi də elə ona birbaşa deyirəm. Biz gənclərimizə nə mesaj ötürük? Deyirik ki, 18 yaşında qızlar 50-60 yaşlı kişilərlə evlənə bilər?

Mehriban Xanlarova qızından imtina etdi.

- "Qızım" dediyiniz bacınız qızından imtina etdiyinizi də orda açıqlandınız. Buna sizi nə vadar elədi?

- Mən düzlüyümü qoruyub saxladığım üçün qızımdan imtina elədim. Özünə demədim, əvvəlcə səhifəmdə, sonra verilişdə açıqladım. Soyuqluq əvvəldən yaranmışdı. Mən onu çox bağışlamışam, ancaq bu dəfə mümkün deyil. Yalan danışmışdı mənə. Nəvələrimlə bağlı məsələlər də var idi. Nə olursa olsun, o uşaqların dördü də mənim yanımdadır. Hər gün yalan mövzusunu ortaya atıram.

- Qızınız indi sizinlə bir yerdə yaşamır?

- Xeyr. Ancaq nəvələrim. Onlar da getmir. Övladlarını qoyub yanıma çıxıb gedib. Dəfələrlə demişəm ki, gəl apar. Bir az əzab çəkərəm, amma keçər.

- Ondan sonra bağışlanmağı üçün gəlmədi?

- Xeyr. O insan mənim həyatımda yoxdur. Olmayıb, olmayacaq da. Silmişəm onu.

- Siz özünüz də verilişlər aparmısınız. Xüsusilə də ARB TV-dəki verilişiniz çox tənqid olunub. Tənqidlərə münasibətiniz necədir?

- Vecimə də deyil. Soruşurdular ki, o veriliş niyə bağlandı? "Van Dam2" necə gəldisə ağır ayağı ilə, bağlandı.

- Qonaqları siz seçirdiniz?

- Yox. Mən, sadəcə, aparıcı idim.

- Televiziyanın hazırkı vəziyyəti sizi qane eləyir?

- Bəzən deyirlər ki, maarifləndirici verilişlər yoxdur. Ancaq guya mən desəm, mənə verəcəklər o verilişi? Kimlərə verdikləri bəllidir.

Mehriban Xanlarovanın İrana girişi niyə qadağan olunub?

- İrana girişiniz qadağan olunmuşdu? Qadağa hələ də qüvvədədir?

- Elə yaxşı yadıma saldınız. Tamam unutmuşdum, inanırsınız?

Bilmirəm səbəbini. Nə bura nəsə deyir, nə də ora. Getmədiyim yer qalmadı. Pandemiya düşdü, dayandım.

Məsələn, Naxçıvana gedəndə bilirəm ki, qoymayacaqlar. Şərt deyil ki, təyyarə ilə gedim. Avtobusla da gedə bilərəm. İndi gedəcəm nazirliyə, xahiş eləyəcəm ki, bu məsələyə baxılsın.

- Təxmin eləyirsiniz səbəbini?

- Vallah, yox. Bir ara anam, bacım, qardaşım xəstə oldu, çox gedib-gəldim.

Hətta bir dəfə Azərbaycan gömrüyü məni narkotikə görə saxlamışdı. Dedilər ki, keç otağa. Orda özümdən çıxdım. Dedim ki, siz kimi yoxlayırsınız? Dedim, çantalarım oradadır. Dedilər ki, yox, daxili yoxlanmalar lazımdır. Dedim, yoxlanmalı insanlar qalıb qıraqda, mən boyda sənətkarı yoxlayırsınız.

- Yoxladılar?

- Yox. Buraxdılar.

- Bəlkə, elə ona görə olub?

- Bizimki ilə problemim yoxdur. İranladır problem. Bir dəfə gedəndə dedilər, olmaz. Səbəb? Heç nə yoxdur. Elə bil ki, gestapodurlar.

- İranla bağlı çıxışlarınız olmayıb? Bəzi sənətçilərin var.

- Yox, olmayıb. Mən, sadəcə, həkimə getmişəm. Faringitim var idi. Bir də ailəm üçün getmişəm.

- Mən keçən il iyulda sizə zəng eləyəndə qardaşınızın vəfat elədiyini demişdiniz. Çox bağlı idiniz ona?

- Bəli. Mən iki il qardaşıma özüm baxmışam. Yeməyi şlanqla gedirdi. Mən onun yeməyini özüm hazırlayırdım, əzib verirdim. Günə bəzən 3-4 saat yatırdım. Ancaq xəstəlik aman vermədi.

- Vəfat edəndə yanında idiniz?

- Bir evdə qalırdıq da.

Mehriban Xanlarova harada yaşayır?

- Yenə də o birotaqlı evdə qalırsınız?

- Bəli. Bir dəfə əsəbiləşib demişdim ki, o ev mənim villamdır.

- O evdə neçə nəfər yaşayırsınız?

- 10 nəfər.

- Bir otaqda 10 nəfər... Çox çətindir.

- Əlbəttə. Çox çətindir. Ancaq buna da şükür.

- Həmişə orada qalmısınız?

- 1995-ci ildən.

- 40 ilə yaxındır sənətdəsiniz? Daha yaxşı yaşamağınız üçün fürsət olmayıb?

- Əlbəttə, mən ailəmdən ayrı yaşasaydım, indi daha yaxşı yaşayardım. Üç-dörd yerdə evim var idi. Ən bahalı maşınları sürərdim. Ancaq mən Allahımdan razıyam. O məni heç vaxt darda qoymayıb.

Mehriban Xanlarovaya hansı türk serialından təklif gəlmişdi?

- 2000-ci ildə sizə Türkiyədən təklif gəlmişdi. Niyə qalmadınız orada?

- "Yağmur yapım"ın rəhbəri Osman Yağmurdərəli dəvət eləmişdi. "Bizim məhəllə" serialında 350 seriya oynadım. Sonra ATV-də "Çarlinin mələkləri" serialında bir seriya oynadım. Oradakı rəqabət daha çətindir. Təkliflər yenə gəlirdi, qardaşım xəstələndi deyə qayıtdım. Bu yaxınlarda "Show TV"də yayımlanan "Qara qəlb" serialından təklif gəlmişdi, imtina elədim. Çünki bir seriya çəkiləcəkdim. Varlı Azərbaycan qadını obrazında. Dedim ki, mən boyda sənətkar bir seriya üçün ora niyə gedim? Başqası olsaydı, qaça-qaça gedərdi.

- Müsahibənizdə deyirsiniz ki, indiki aktrisalar sevişmə, öpüşmə səhnələrində çəkilmək istəmirlər. Bəs "Sahilsiz gecə"dəki obraz gəlsə, yenə qəbul edərsiniz?

- Oynayaram. Türk seriallarına bəh-bəhlə baxırıq. Ancaq öz serialarımızda görəndə başlayırıq ki, bu nədir? Vaxtilə bu tabunu mən qırmışam, indi də başqası qırsın. Gərək elə hər şeyi mən eləyim?

- Kənardan sərt görünürsünüz. Bir tərəfdən də danişanda, necə deyərlər, gözünüz yaşı ovucunuzdadır. Uşaqlıqdan belə idiniz, yoxsa sonradan həyat sizi belə formalaşdırdı?

- Mübarizələr yaratdı məni. Mənə verilən filmləri başqalarına verdilər. Ssenariləri cırıb atdılar. İki il ATV-yə həsrət qoydular. Veriliş verildi, bağlatdırdılar.

Mehriban Xanlarovanı ATV-dən kim ayrı salmışdı?

- ATV-dən kim sizi ayrı salmışdı?

- Vüqar Qaradağlı məni iki il ATV-yə həsrət qoydu. Onun otağına gedib dedim ki, siz 80 yaşlı qadının - anamın çörəyinə bais oldunuz. Seriallara dəvət olunurdum o kanalda, adımı çıxartdırırdı. Deyirdi ki, Mehribandan başqa aktrisa yoxdu. Yoxdu ki məni çağırıblar da.

- Azərpaşa Nemətov vəfat edəndə haqqında danışanlar çox oldu. Siz də çıxıb dediniz ki, niyə vaxtında danışmırdınız? Kimin mövqeyi sizi daha çox təəccübləndirdi?

- Hikmət Rəhimovun. Adam öləndən sonra dili açıldı. Diri ikən sözünü deyə bilmədin. Öləndən sonra niyə dalıyca danışırsan?

- Bəs Mehriban Ələkbərzadə dövrü necə, sizi qane eləyir?

- Mənim hazırda teatrla, Mehriban Ələkbərzadə ilə bağlı heç bir problemim yoxdur. Onun da mənə hörməti var, mənim də ona. Ancaq məni incidən bir məsələ var. Mən 1998-ci ildən bu teatrda işləyirəm. Mənə yer eləyən kənar teatrlardan aktrisa dəvət olunmağıdır.
Bizdə hər yaşdan kifayət qədər peşəkar aktrisa var. Niyə kənardan kimsə çağırılmalıdır?

- Səbəbini Mehriban xanımdan soruşmusunuz?

- Xeyr. Deməmişəm, amma indi elyirəm. İsrafil İsrafilovun vaxtında kənardan heç kim çağırılmırdı. İndi niyə çağırırlar. Şəxsən mən heç kimdən əskik aktrisa deyiləm. Bu, haqsızlıqdır.

Mehriban Xanlarova Mehriban Ələkbərzadədən razıdır?

- Bəs hansısa teatrdan təklif gəlsə ki, Mehriban xanım, istəyirik ki, bu tamaşada siz oynayasınız. Razılaşarsınız?

- Getmərəm. İstəmirəm. Bu günə qədər deməyiblər, indi deyəcəklər. Bölgə teatrlarına gedərəm, oynayaram, dəstək olaram. Ancaq Bakıda yox.

Mən danışdım, ümid eləyirəm ki, teatrın digər aktyorları da danışarlar. Onları deyə bilmərəm, ancaq mən həzm eləyə bilmirəm.

- Gənc aktrisalarla oynayanda bəyənmədiyiniz məqamaları deyirsiniz?

- Bəzən. Sənə elə baxırlar ki... Yəni sən kimsən ki, mənə nəsə deyirsən. And içmişəm ki, heç kimə heç nə deməyəcəm.

- Kinoda, teatrda qonorar xaricində imtina etdiyiniz rol olub?

- İmtina yox, ancaq mübahisəm olub. Rövşən Almuradlı ilə Kinostudiyada mübahisə etdik, qapını çırpıb çıxdım. Şahmar Ələkbərovun "Yük" filmində baş rolda mən oynamalı idim. Özündən mollalıqlar eləyib dəyişiklik aparmışdı. Dedim ki, Şahmar müəllim birinci mənim adımı yazıb. Qapını çırpıb çıxdım.

- Bəs "Şükriyyə" tamaşasında "Zöhrə"dən niyə imtina etmək istəyirdiniz?

- Üsyan qaldırdım ki, oynamayacam. Dedim ki, niyə mənə baş rol verməmisiniz? Bəsdi də. Neçə ildir bu teatrdayam. İndi direktorumuz İlham Əsgərova da demişəm ki, istəyirəm, mənim də üzərimdə bir tamaşa qurulsun.

- Quruldu?

- Yox hələ. Təzəlikcə müraciət eləmişəm. Deyiblər ki, gənc rejissorlar dəvət olunacaq, ona qurulacaq.

- Bir aktrisanın həyatında ailə nə dərəcdə vacibdir?

- Öz ailəm - anam, bacım, qardaşım mənim hər şeyimdir. Nadir hallarda aktrisanın qarşısına onu başa düşən adamlar çıxır.

Mehriban Xanlarova həyat yoldaşından niyə boşanıb?

- Siz bu baxımdan fədakarlıq etmisiniz. Dörd il evli qaldığınız müddətdə sənəti atmısınız.

- Dəyməzdi. Kaş ki, atmazdım. Dedim ki, guya ailəm olacaq. O dörd ilimə heyif.

- Ayrılmağınıza səbəb nə oldu?

- Xəyanət eləmişdi, bağışlamadım.

- İndi özünüzü xoşbəxt qadın hesab edirsiniz?

- Bəli. Məni sevənlər var. Bu gün Əməkdar artistəm, Prezident mükafatçısıyam.

- 35-40 yaşlı müğənnilər Xalq artistidir.

- Əlbəttə, bu mənə çox toxunur. Ancaq heç yerdə bununla bağlı çıxış eləməmişəm. Qurumlara sözümü deyirəm.

Mehriban Xanlarova Nayman Ana rolunda

- Son olaraq, oynadığınız hansı obrazın hansı cümləsi heç vaxt yadınızdan çıxmır?

- "Manqurt"da bir səhnə var. Deyirəm ki, atanın adı Donanbaydır, mənsə, mənsə sənin ananam. Mən ana ola bilməmişəm. Ancaq o səhnədə ana idim. Özümə hər dəfə bu sualı verirəm: Görəsən ana olsaydım, o obrazı necə oynayardım?

Ancaq artıq hər şey üçün çox gecdi. Və mən də çox yorğunam.


Etiketlər:  Evli olduğum dörd ilə heyfim gəlir Mehriban Xanlarova ilə müsahibə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ