Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2025 22:52
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3.5%-5.7% çox olub.
Sonxeber.net xəbər verir ki, bu barədə "Report"a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
"Hər il olduğu kimi, bu il də yazın gəlməsi ilə tikinti sektorunda aktivlik artmaqdadır. Bu isə tikinti materiallarına tələbatın yüksəlməsinə və qiymət artımına gətirib çıxarır. Bu il mart ayında qeyri-iş günlərinin sayı çox olduğu üçün aktivlik ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər zəif ola bilər. Lakin buna baxmayaraq, tikinti mövsümünün başlanması, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi, işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri bazarda canlanmanı dəstəkləyir", - deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, inşaat materiallarının qiymət artımına təsir edən əsas amillər arasında idxal bazarlarında baş verən dəyişikliklər, monetar siyasət və tikinti sektorundakı tələb-təklif balansı xüsusi yer tutur: "Azərbaycanın əsas inşaat materiallarını idxal etdiyi ölkə hazırda Rusiyadır. Əgər Rusiya-Azərbaycan iqtisadi münasibətlərində hər hansı bir problem yaranmasa və ticarət əlaqələri stabil qalsa, bazarda ciddi dalğalanmalar gözlənilmir. Lakin regionda hər hansı bir fors-major vəziyyət, devalvasiya və monetar siyasətdə dəyişiklik qiymət artımına səbəb ola bilər".
V.Oruc bildirib ki, bu tendensiyanın mart-aprel aylarında da davam edəcəyi ehtimal olunur: "Ümumilikdə proqnozlaşdırılır ki, tikinti mövsümünün sonunda inşaat materiallarının qiymətində 10-12% artım baş verəcək. Bənzər şəkildə, daşınma xərclərində də 15-20% civarında artım gözlənilir. Nəqliyyat xərclərinin artması xüsusilə idxal olunan tikinti materiallarının qiymətinə birbaşa təsir edəcək".
Ekspertin sözlərinə görə, inşaat sektorunda iri oyunçuların bazara daha çox nəzarət etməsi tendensiyası müşahidə olunur: "Bazarda kiçik tacirlər tədricən sıradan çıxır, iri ticarətçilər isə öz mövqelərini gücləndirirlər. Bu, qiymətlərin tənzimlənməsinə təsir edə bilər, çünki bazardakı oyunçuların sayı azaldıqca, monopoliya ehtimalı artır. Bu tendensiya xüsusilə Azərbaycanda tikinti bazarının böyüməsi, Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və iri layihələrə tələbatın artması ilə bağlıdır".
"Xüsusilə taxta, metal məmulatları və digər xaricdən gətirilən materialların qiymətlərində artım gözlənilir. Yerli istehsal bəzi materiallarda isə qiymət dəyişiklikləri o qədər də kəskin olmayacaq. Armatur və digər köməkçi tikinti materiallarında qiymət artımı nisbətən daha aşağı olacaq. Hazırkı qiymət artımı tendensiyasına əsasən, mart ayının ilk həftələrində bahalaşma ciddi hiss olunmasa da, ayın sonuna və aprel ayının əvvəllərinə doğru daha aydın şəkildə görünəcək".