Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2025 16:20
"22 iyul - Azərbaycan ədəbi və media cameəsinin görkəmli siması, yazıçı, publisist və "Olaylar" qəzetinin təsisçisi və baş redaktoru Yunus Oğuzun doğum günüdür. 65 yaşı tamam olur.Bu münasibətlə onu səmimi qəlbdən təbrik edir, sağlam və mənalı ömür, yaradıcılıq uğurları və vətənə xidmət yolunda yeni nailiyyətlər arzulayırıq".
Bu fikirləri Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev Yunus Oğuza təbrikində bildirib:
"Yunus Oğuz çağdaş ədəbiyyatımızın düşünən, duyan və yazan nadir qələm sahiblərindəndir. Onun tarixi romanları - "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur" kimi əsərlər milli yaddaşımızın ədəbi portretini yaradır. Bu əsərlərdə təkcə tarix deyil, milli kimliyimizin təməl sütunları da canlandırılır.
Eyni zamanda, Yunus Oğuzun "Ovçu" adlı əsəri xüsusi vurğulanmalıdır. Bu roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyatına və qəhrəmanlıq yoluna həsr olunub. "Ovçu" yalnız bioqrafik roman deyil - həm də vətən uğrunda şəhid olmuş bir övladın timsalında bütün Azərbaycanın övladlarına ədəbi abidədir. Yunus Oğuz bu əsərdə Murad Mirzəyevin qəhrəmanlığını sadəcə bir döyüşçü kimi yox, bir ata, bir oğul, bir dost və bir insan kimi təqdim edir. Oxucu Muradın şəhadətə gedən yolunda onun daxili aləmini, ruh yüksəkliyini, əqidəsini dərk edir və onunla fəxr edir. Jurnalistika sahəsində də Yunus Oğuz cəmiyyətin sözünə çevrilə bilmişdir. "Olaylar" qəzeti uzun illərdir Azərbaycan mediasında prinsipial mövqeyi, obyektiv yanaşması və milli maraqlara sadiqliyi ilə seçilir. Onun rəhbərliyi ilə bu media orqanı həm informasiya platforması, həm də milli təfəkkürün daşıyıcısı olub.
Yunus Oğuz - qələmi ilə tarix yazan, sözü ilə vətənə xidmət edən bir şəxsiyyətdir. Onun həm ədəbi irsi, həm də jurnalistlik fəaliyyəti gələcək nəsillər üçün örnəkdir.
Bir daha dəyərli qələm sahibini doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və vətənə xidmət yolunda yeni yaradıcılıq zirvələri arzulayırıq!"