Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 15:00
Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.
Qol.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. 63 mətbu orqanından 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 10-cu dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.
Sorğuda iştirak edənlərdən 6-sı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova, 2-si “Qəbələ”yə ölkə kubokunu qazandırmış Sənan Qurbanova, 1-i isə “Səbail”in çalışdırıcısı Aftandil Hacıyevə səs verib. Maraqlıdır ki, “Neftçi”nin italiyalı baş məşqçisi Robertə Bordinə səs verən olmayıb.
“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionu olub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Ağdam klubu cari mövsümdə də 31 xalla Azərbaycan Premyer Liqasının vahid lideridir.
Qurban Qurbanovun ilin ən yaxşı məşqçisi kimi mükafatandırılması mərasimi dekabrın 14-də keçiriləcək. Tədbir “Fairmont otel”in (“Üç alov qülləsi”) Səttar Bəhlulzadə zalında keçiriləcək və saat 16.00-da başlayacaq.