Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2025 02:03
Dondurma və ya çox soyuq içkilər içərkən bəzi insanların dişlərində baş verən kəskin ağrıların səbəbi elm adamları tərəfindən müəyyən edilib.
Sonxeber.net xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan yeni araşdırmaya görə, bu ağrılara dişlərdə yerləşən TRPC5 adlı zülal kanalları səbəb olur.
Almaniyanın Erlangen-Nürnberq Fridrix-Alexander Universitetinin professoru Katharina Zimmermann və komandası odontoblast adlı hüceyrələrdə temperatur dəyişikliklərinə qarşı həssas olan bu kanalları müəyyən edib. Sözügedən hüceyrələr dentin ilə dişin yumşaq daxili pulpası arasında yerləşir. Əgər dentin təbəqəsi çılpaq qalarsa - məsələn, diş çürüməsi və ya diş əti xəstəliyi səbəbindən - soyuq qidalar və içkilər kəskin ağrıya səbəb ola bilər.
Araşdırma həm insanlar, həm də siçanlar üzərində aparılıb. Nəticədə məlum olub ki, TRPC5 kanallarını bloklayan maddələr, məsələn mixək yağında olan eugenol, bu ağrıların qarşısını ala bilər. Alimlər gələcəkdə bu molekula əsaslanan diş pastası, saqqız və ya diş lentləri kimi yeni müalicə vasitələrinin hazırlanmasının mümkün olduğunu bildirirlər.
Lakin mütəxəssislər evdə özbaşına müalicə üsullarını tövsiyə etmirlər. Britaniya Diş Həkimləri Assosiasiyasının professoru Damien Walmsley vurğulayıb ki, ağrının səbəbi aradan qaldırılmadan yalnız ağrını müvəqqəti dayandırmaq kifayət etmir.
Walmsley əlavə edib ki, müntəzəm fırçalama və diş həkiminə müraciət, həm diş çürüməsinin qarşısını almaq, həm də həssaslıq problemi ilə mübarizə aparmaq üçün əsas vasitədir.