Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İçərişəhər sakinləri parkinqdən şikayətçidir - Rəsmi açıqlama

İçərişəhər sakinləri parkinqdən şikayətçidir - Rəsmi açıqlama

Tarix: 23 Avqust 2025 13:52

İçərişəhər ərazisində yaşayan bir qrup sakin oradakı parkinq problemindən şikayətçidir. 

Sonxeber.net xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Əməkdar artist Mübariz Həmidov müraciət edib.

Sumqayıt Dövlət Dram Teatrnın keçmiş direktoru olan sənətçi bildirib ki, İçərişəhərin giriş hissəsi - Vəli Məmmədov küçəsi bina 22 və Neftçilər prospekti 5 B-də avtomobillərini park edə bilmirlər.

Onunla yanaşı adıçəkilən ünvanda yaşayan digər sakinlər də bu vəziyyətdən narahatdır. Sakinlər deyir ki, həmin ərazidə əvvəllər 10-15 maşının parkinqinə icazə verilirdisə, indi  bu say 4-5-ə düşüb: "Hamımız bu vəziyyədən narazıyıq. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri dəyişəndən sonra bu halla üzləşdik. Həmin ərazidə yol nişanlanıb, yalnız 4-5 nəfər maşın saxlaya bilir. Onlar da restoranlara gələn müştərilərin və şirkət işçilərinindir".

Həmçinin qeyd olunub ki, sakinlər avtomobili park etmək istədikdə cərimələnir: "Əməl etməyən vətəndaşlar 2 bal 80 AZN cərimələnir. Qoruq İdarəsi sakinləri nəzərə almadan, İçərişəhərə girişi pullu etməklə, binada yaşayanlar üçün dözülməz vəziyyət yaradır". 

Məsələ ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "İçərişəhər ərazisində müşahidə olunan əsas problemlərdən biri bəzi sürücülərin nəqliyyat vasitələrini ikinci və digər sıralarda, həmçinin dayanmanın qadağan olunduğu yerlərdə, yol ayrıclarında saxlamaqla, birtərəfli yollarda hərəkət istiqamətinin əksinə hərəkət etməklə nəqliyyatın və piyadaların hərəkətinə maneə yaradılması ilə bağlıdır. Bu cür qayda pozuntuları ərazidə nəqliyyatın hərəkətini çətinləşdirir, piyadaların təhlükəsizliyinə və tarixi məkanda gündəlik hərəkət rahatlığına mənfi təsir göstərir.

Sürücülərə dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də, həmin hallar təəssüf ki, davam edir. Mövcud vəziyyətin aradan qaldırılması məqsədilə DYP tərəfindən müvafiq tədbirlər həyata keçirilərək ərazidə nəzarət tədbirləri gücləndirilib, qaydaları pozan nəqliyyat vasitələri barəsində inzibati tədbirlər görülüb".

Qurumun açıqlamasında bildirilib ki, görülən bu tədbirlərin əsas məqsədi İçərişəhərdə nəqliyyatın təhlükəsizliyini təmin etmək, və oxşar halların təkrar baş verməsinin qarşısını almaq, habelə həm piyadaların, həm də sürücülərin rahat hərəkətini qorumaqdır: "Sürücüləri bir daha qaydalara əməl etməyə və tarixi məkanın mühafizəsinə töhfə verməyə çağırırıq".

Qeyd edək ki, cari ilin fevralında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Rüfət Mahmud sədr təyin edilib. 


Etiketlər:  İçərişəhər sakinləri parkinqdən şikayətçidir Rəsmi açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ