Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2025 23:48
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 11-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sonxeber.net xəbər verir ki, o, qolsuz heç-heçə ilə bağlı bunları söyləyib:
"İlk növbədə Zəfər Günü münasibətilə xalqımızı, dövlətimizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Zəfərimiz əbədi olsun. Yəqin ki, bu gün əzmkar oyun keçəcəyi hamıya bəlli idi. Qarşımızda təhlükəli komanda var idi. Hücum potensialı ən təhlükəli komandalardan birinə qarşı oynayırdıq. Əks-hücumlarda da təhlükəlidirlər, cinah asmaları təhlükəlidir. Hamısını nəzərə almışdıq. Futbolçularım əzmkarlıq göstərdi. Demək olar ki, rəqibə qol epizodu vermədik. Komandam çox diqqətli oldu və peşəkarlıqla hücumların qarşısını alırdılar.
60-cı dəqiqədən sonra say üstünlüyümüz oldu. Ona qədər bərabər mübarizə şəraitində oyun keçirdi. 100 faizli olmasa da, qol epizodlarımız oldu. Daha böyük qüvvə ilə irəli atıldıq. Sadəcə rəqib qapıçı, müdafiəçilər etibarlı idilər. Uduzsaydıq da, futbolçularımın davranışından razı idim. Bu şəkildə davam etməliyik. Milli fasilədən sonra hazırlaşacağıq ki, istədiyimiz nəticəni əldə edək.
Birinci hissədə epizodlar var idi ki, hakimlərə etiramızı bildirdik. Bizi özümüzdən çıxaran epizod var idi. Uzaqdakı yan xətt hakim qırmızı vərəqə verilməsini dedi. 50 metrdən epizoda müdaxilə etdi. VAR sistemi var. Epizodda "qırmızı"lıq bir şey yox idi. Əliyar bəyin də dərhal qırmızı verməsi ilə hamımız emosional olduq. Oyunun sonunda foullar var idi ki, bəlkə bizim, digər komandaların xeyrinə verilsə, təhlükəli deyil. Amma "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəlidir. Oyunun içində bu məqamlar olur. Hakim səhvi nəticəyə təsir etmədi. Vacib olan budur"