Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 23:30
AXCP və Milli Şuranın Rusiya ilə gizli əlaqələrinə dair ortaya çıxan faktlar 1980-ci illərin sonları, 1990-cı illərin əvvəlində mövcud olan AXC-Müsavat cütlüyünün Azərbaycanda xalq hərəkatını nəzarətdə saxlamaq üçün SSRİ DTK-sı (KQB) tərəfindən yaradıldığı məsələsini də aktuallaşdırıb. Faktlardan belə nəticə çıxır ki, 35 il öncə DTK-ya işləyənlərin sonrakı dövrdə Rusiya kəşfiyyatı ilə əlaqələri davam edib. Eyni şəxslərin 2013-cü ildə Milli Şura adı altında Rusiyanın dəstəyi ilə Azərbaycanda çevriliş planlarına xidmət etməsi də bunu təsdiq edir.
Hazırda Ramiz Mehdiyev işi ilə bağlı yeni faktların ortaya çıxması əsas diqqəti Əli Kərimlinin xəyanətlərinə yönəltsə də, onun tək olmadığı məlumdur. Bunu AXC-nin yaranma prosesinə nəzər saldıqda aydın görmək olur. Xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı fəaliyyətlərində əsas "piyadalar"dan birinin İsa Qəmbər olduğu sirr deyil. İsa Qəmbər hələ 80-ci illərin sonunda Azərbaycanın müstəqilliyinin bərpası uğrunda meydana çıxan xalq hərakatının DTK-nın nəzarətinə keçməsində rol oynayan şəxslərdən idi.
1980-ci illərin sonlarında sovet respublikalarında azadlıq tələbi ilə meydana gələn milli hərəkatları nəzarətə götürmək istiqamətində işləyən DTK Azərbaycanda da analoji addımlar atdı. Həmin vaxt Azərbaycanda milli hərəkatda liderliyi ələ almağa yaxın təşkilatlar arasında ən fəalı "Çənlibel" olsa da, bu, təşkilata nüfuz etmək imkanları məhdud olan DTK üçün sərfəli deyildi. DTK "Çənlibel"i sıradan çıxarmaq və milli hərakatı nəzarətə götürmək məqsədilə alternativ təşkilatın yaradılması taktikasına əl atdı. İsa Qəmbərin siyasətə gəlişində "qapı" rolunu oynayan "Gənc alimlər klubu" məhz bu məqsədlə ortaya çıxdı. "Gənc alimlər klubu"nu DTK-nın sifarişi ilə həmin vaxt Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində ikinci katib olan Viktor Polyaniçko yaratmışdı. Klubda Polyaniçkonun ən sevimli fiqurunun İsa Qəmbər olması da təsadüfi deyildi.
Faktlar göstərir ki, milli hərəkatı nəzarətə götürmək üçün öz adamlarını "milli fəallar" kimi meydana daxil edən DTK hadisələrin inkişafına uyğun plan hazırlayıb. İlk hədəf meydan hadisələrini yatırtmaq idi. Bu məqsədlə meydanda "fəal" olan DTK-nın casusları mitinqlərə müdaxilə üçün zəmin hazırlayırdılar. Məlumatlara görə, İsa Qəmbər 1988-ci ilin noyabr mitinqlərinin dağıdılması üçün rəsmi strukturlara bəhanə verilməsində aktiv rol oynayanlardan olub. Mitinqlərə müdaxiləyə zəmin yaradılmasında Nümayiş Komitəsi bu prosesdə xüsusi canfəşanlıq göstərib. Əsas qərargahı Müəllimləri Təkmilləşdirmə İnstitutunda yerləşdirilən komitəyə Viktor Polyaniçkonun özü də gəlirmiş. Məlumatlara görə, komitədə əsas fəaliyyət göstərənlər İsa Qəmbər, Arif Hacıyev, Pənah Hüseynov, Fəhmin Hacıyev, Tofiq Qasımov idi.
Mitinqlər dağıdıldıqdan sonra artıq meydan DTK-nın agentlərinə qalmışdı. Azərbaycan Xalq Cəbhəsinin yaradılması, eləcə də İsa Qəmbərin ölkənin aparıcı ziyalılarının aktiv təəssübkeşi kimi "önə çıxması" da bu zaman baş verdi. SSRİ-yə qarşı mübarizə aparan AXC-nin nizamnaməsinin Bakı şəhər Partiya Komitəsində hazırlanması onun arxasında DTK-nın olduğunu təsdiq edən detallardandır. Bununla yanaşı, AXC-nin 1989-cu illərdə keçirdiyi mitinqlərdə kommunistlərin də aparıcı fiqurlar kimi çıxış etməsi təsadüfi deyildi. Misal üçün, 1989-cu il iyun ayının 4-də "Spartak" stadionunda keçirilən ilk çoxminli mitinqdə AXC-ni İsa Qəmbər və rəsmi olaraq, "Kommunist" qəzetinin redaktoru, faktiki olaraq isə Əbdürrəhman Vəzirovun kadr siyasəti üzrə müşaviri funksiyasını icra edən Cəmil Əlibəyov təmsil edirdilər.
1990-cı il Yanvar qırğını zamanı baş verənlər isə İsa Qəmbərin DTK-nın gizli agenti olduğuna şübhə yeri qoymadı. Açıq mənbələrdə yayılan məlumatlardan aydın olur ki, Viktor Polyaniçkonun yaratdığı, İsa Qəmbərin təmsil olunduğu "Gənc alimlər klubu" 20 yanvar faciəsinin törədilməsinə zəmin hazırlayıb. Məlumatlara görə, həmin ilin yanvar ayının ilk ongünlüyündə AXC-nin ilk konfransında parçalanma yaradan, nəticədə radikal qanadın Müdafiə Şurası yaratmasına nail olan "Gənc alimlər klubu" baş verəcəkləri izləmək üçün fəaliyyətini arxa plana çəkib.
20 Yanvar hadisələri baş verərkən, daha öncə xalqı meydanlara səsləyən İsa Qəmbərin yoxa çıxması onun DTK ilə əlaqələrində əsas məqamlardan biridir. Meydan hərəkatının üzvlərindən olan Zərdüşt Əlizadənin sözlərinə görə, İsa Qəmbəri qoruyanlardan biri Yanvar qırğınının əsas təşkilatçılarından olan Yevgeni Primakov olub. Yanvar hadisələrindən öncə Primakov Əbülfəz Elçibəyi və İsa Qəmbəri qəbul edib.
"Görüşdə Primakov bildirib ki, hazırki şəraitdə xalqı küçəyə çıxarmayın. İsa Qəmbər də deyib ki, "dinc nümayişlər xalqın konstitusion hüququdur". Primakov sonra deyib ki, "İsa çox qiymətli kadrdır, onu qoruyun". İsanın dediyi Primakovun planına uyğun idi", - Z. Əlizadə deyir.
Məlumatlara görə, yanvarın 19-da - qırğından bir gün öncə AXC-nin fəallarına divan tutulması müzakirə olunarkən, Viktor Polyaniçko İsa Qəmbər haqqında "İsa Kambar naş çelovek!" deyib və daha sonra onun qorunmasını təmin edib. Əslində Viktor Polyaniçkonun yaratdığı "Gənc alimlər klubu"nda "parlayan" İsa Qəmbərin xidmətləri qarşılığından qorunması gözlənilən idi. Yanvar hadisələri baş verəndə yoxa çıxan İsa Qəmbər Vaqif Səmədoğlunun evində çay qonaqlığında imiş. Məkumatlar var ki, İsa Qəmbəri Səmədoğlunun evinə göndərən də məhz Polyaniçko olub.
Bu hadisələrdən sonra İsa Qəmbər DTK-nın təlimatı ilə Şimali Azərbaycan Demokrat Partiyasının yaratdığını elan etsə də, daha sonra Müsavat Partiyasını qurdular. Bu, Azərbaycan Xalq Cumhuriyyətinin ideyalarının davam etdirilməsi kimi görünsə də, əslində DTK-nın bu mirası da öz nəzarətinə götürdüyü haqda məlumatlar var. Müsavat Partiyasının yaradılması ideyası Türkiyədə özlərini Məmməd Əmin Rəsulzadənin silahdaşı kimi qələmə verənlərdən gəlmişdi. Konkret desək, Ankarada fəaliyyət göstərən "Azərbaycan Kültür Dərnəyi" adlı qurumun deyilən qurumun üzvləri Əhməd Qaraca və Mehmet Kəngərli bu prosesdə fəallıq nümayiş etdirirdi. Əhməd Qaraca və Mehmet Kəngərli özlərini Məmməd Əmin Rəsulzadənin silahdaşı və məsləkdaşı kimi qələmə versələr də, onların 30 il ərzində Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) Türkiyə təmsilçiləri olmaları şübhəli idi. Məlumdur ki, SİTA-nın SSRİ Baş Kəşfiyyat İdarəsinin kurasiyasında olan və əsasən kəşfiyyat xarakterli məlumatlar toplayan Sovet məlumat bürosu olub. SİTA-nın müxtəlif ölkələrdəki əməkdaşları da birbaşa SSRİ kəşfiyyatı üçün məlumatların toplanması işini həyata keçirirdi. İsa Qəmbərə Müsavat Partiyasını qurması üçün xeyir-dua verənlər də Türkiyədə Rusiya kəşfiyyatına məlumat toplayan dairələr idi. Təkcə bu detal İsa Qəmbər də daxil olmaqla həmin şəbəkənin SSRİ DTK-sı tərəfindən yetişdirildiyini deməyə əsas verir.
AXC-Müsavat cütlüyünün iqtidarı dövründə hakimiyyət pillələrində irəliləyən İsa Qəmbər müxalifətə keçəndən sonra DTK-nın xələfi olan Rusiya kəşfiyyatı ilə əlaqələrini davam etdirib. Onun 1990-cı illərin sonlarında Bakı-Ceyhan layihəsinə qarşı çıxması əslində Rusiyadan gələn direktivlərdən idi. Bakı-Ceyhana qarşı Bakı-Şimali İran marşrutunu təklif edən İsa Qəmbər 1999-cu il aprelin 21-də VHP-nin qərargahında "Azərbaycan siyasətində İran faktoru" mövzusunda keçirilmiş elmi-praktiki konfransda İranın ölkəmizdəki səfirliyinin nümayəndələrinə ünvanlanmış bəyanatla çıxış etmişdi: "Ötən il Demkonqresdə razılaşmışdıq ki, Bakı-Şimali İran variantı əlverişli yoldur. Biz hakimiyyətə gəlsək, neft ixracı kəmərinin Bakı-Şimali İran variantına üstünlük verəcəyik".
Özünü Türkiyədə türkçü, Rusiyada avrasiyaçı, Avropada liberal-demorkat, İslam aləmində dindar kimi göstərən İsa Qəmbər hakimiyyət gəlmək naminə müxtəlif donlara bürünürdü. Hərçənd, onun keçmişdən günümüzə qədər əsas bağlı olduğu tərəf Rusiya olub. DTK arxivlərinin açılmasına qarşı sona qədər dirəniş göstərməsi də bu əlaqələrinin ifşa edilməməsindən qaynaqlanırdı.
Hələ Əbülfəz Elçibəyin prezidentliyi dövründə DTK arxivlərinin açılması tələbi böyük idi, lakin yekunda bu addım atılmadı. Elçibəy də bildirirdi ki, arxivlər açılacağı təqdirdə komandasında təmsil olunanların çoxunun DTK ilə əməkdaşlığı ifşa olunacaq. Bu qorxu ilə yaşayanlardan biri də İsa Qəmbər idi. Sülhəddin Əkbər 2021-ci ildə mediaya verdiyi müsahibələrinin birində açıqlamışdı ki, o, Milli Təhlükəsizlik Nazirliyində müavin olduğu vaxt DTK ilə əməkdaşlıq edən şəxslərin siyahısını tərtib etsə də, Elçibəy heç bir tədbir görməyib. O bildirirdi ki, həmin siyahıda yüksək vəzifədə olan bir neçə şəxsin də adı var idi.
Bu açıqlamadan sonra mediada Sülhəddin Əkbərin hazırladığı "DTK siyahısı"nda İsa Qəmbərin də adının olduğu haqda məlumatlar yayıldı.
Məlumatlara görə, DTK İsa Qəmbəri xalq hərakatında yer almış müxtəlif şəxslərlə bağlı kompromatlarla da təmin edib və sonuncu bundan bir sıra şəxslərin onun ətrafına toplanması üçün istifadə edib. AXC-Müsavat cütlüyünün iqtidardan getməsindən sonra 1992-1993-cü illərdə İsa Qəmbərin xeyir-duası ilə vəzifələrə təyin olunan şəxslərin Müsavat Partiyasına axın etməsində də şantaj edilmək qorxusu var idi. Çünki onlar Müsavata qoşulmasaydı, İsa Qəmbər əlindəki bütün kompromatları işə salacaqdı. Bu adamların İsa Qəmbərin, Arif Hacıyevin, Pənah Hüseynovun göstərişi ilə bir çox "qara iş"lərin iştirakçısı və icraçısı olduğu deyilir. Bu "qara işlər"in həm də xarici qüvvələrlə əməkdaşlıq olduğu istisna edilməməlidir. İsa Qəmbərin əsas adamlarından olan Arif Hacılının vaxtilə parlament tribunasından dedikləri də bu kontekstdə yada düşür. A.Hacılı bəyan edirdi ki, "hakimiyyətə gəlmək üçün 8 ölkə ilə razılaşıblar". Sonradan bunların hansı ölkə olduğu və nələrin razılaşdırıldığı məlum olmasa da, deyilənlər İsa Qəmbər və dəstəsinin xarici bağlantılarının olduğunun etirafı idi.
1980-ci illərin sonlarında DTK ilə əməkdaşlığa başlayan İsa Qəmbərin 2013-cü ildə Moskvadan gələn təlimatla yaradılan Milli Şuraya qoşulması onun və onun timsalında AXC-Müsavat şinelindən çıxan bir çoxlarının hələ də Rusiya ilə gizli əlaqələrindən xəbər verir. Hazırda əməllərinə görə qanun qarşısında təkcə Əli Kərimlinin çıxarılması Azərbaycana qarşı xəyanət şəbəkəsinin tamamilə ifşa edilməsi və siyasi səhnədən silinməsini təmin edə bilməz.
35 il ərzində baş verənlər göstərir ki, Əli Kərimli kimi İsa Qəmbər də, Arif Hacılı da, bütün oyunlarda aktiv iştirakçı olmuş Milli Şuranın rəhbəri Cəmil Həsənli də törətdikləri əməllərə görə cavab verməlidir. Bu faktlar həm də AXC və Milli Şura ilə yanaşı, Müsavat Partiyasının da fəaliyyətinin qadağan edilməsi zərurətini yaradır. Dövlət təhlükəsizliyinin təmin edilməsi və gələcək risklərin aradan qaldırılması üçün xəyanət şəbəkəsinin neytrallaşdırılması təkcə bir, yaxud bir neçə nəfərlə, eləcə də bir-iki partiya ilə məhdudlaşmamalıdır. (Publika.az)