Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2025 22:08
“Monako”nun futbolçusu Pol Poqba idman dünyasını təəccübləndirən maraqlı layihəyə imza atıb.
QOL.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Al Haboob” dəvə yarışı komandasına investisiya yatırıb. O, Birləşmiş Ərəb Əmirlikləri və Körfəz bölgəsində yarışan, dünyanın ilk peşəkar dəvə yarışı komandası olan bu klubun həm şəriki, həm də marka səfiri seçilib.
“BBC Sport”a açıqlama verən Poqba bu sahəyə marağının təsadüfi olmadığını bildirib:
“YouTube-da çoxlu yarışlar izləmişəm, boş vaxtlarımda texnika və strategiyaları araşdırmışam. İnsanlar fərqinə varmasa da, idmanın bütün növləri bir-birinə bağlıdır. Futbol, dəvə yarışı, boks və bütün idman növlərinin hamısının təməlində qətiyyət, diqqət, intizam və təslim olmamaq dayanır”.
Poqba həmçinin digər maraqlı hədəfini də dilə gətirib:
“Dünyanın ən bahalı futbolçusu olmaq böyük şərəf idi. Bir gün dünyanın ən bahalı dəvəsinə sahib olmaq isə bunun gözəl və əyləncəli davamı olardı”.