Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 17:56
“Keşlə”nin müdafiəçisi Slavik Alxasov Qol.az-a müsahibə verib. Komandasının bu mövsümdəki bərbad çıxışının səbəblərindən danışan futbolçu paytaxt klubundakı gələcəyinə də toxunub.
- Son turun nəticəsindən asılı olmayaraq, mövsümü axırıncı sırada başa vuracaqsınız. Autsayder olmağınız futbolçulara necə təsir edir?
- Bəli, təəssüf ki, mövsümü sonuncu yerdə bitirdik. Belə olmağını istəməzdik. Əlbəttə ki, bu, bütün futbolçulara pis təsir edir.
- Mövsüm niyə "Keşlə" üçün belə uğursuz alındı?
- Açığı, niyə belə olduğunu, niyə sonuncu yeri tutduğumuzu bilmirəm. Amma əgər komanda autsayderdirsə, bu, uğursuzluqdur.
- Səncə, əsas günahkar kimdir?
- Artıq gecdir. İndi günahkar axtarmağın vaxtı deyil. Bu gün turnir cədvəlində sonuncuyuqsa, bunda hamının günahı var. Nə etmək olar. Həyat davam edir. İrəliyə baxmaq lazımdır.
- Reqlamentə görə, “Keşlə” Premyer Liqanı tərk etməlidir. Maraqlıdır, klubun daxilində bu barədə nə danışılır?
- Hələ heç bir söhbət yoxdur, sakitçilikdir. Amma vəziyyət yaxşı deyil. Biz də gözləyirik ki, komanda qalacaq, ya aşağı dəstəyə düşəcək. Təbii ki, özümüzə qalsa, Premyer Liqanı tərk etmək istəməzdik.
- Komandanın mövsümü son pillədə başa vurması, heç şübhəsiz, Zaur Axundovun da narazılığına səbəb olub. Mətbuata müsahibəsində deyib ki, heyətlə bağlı ciddi islahatlar olacaq...
- Sonuncu olduğumuza görə Zaur müəllim bizə öz iradlarını bildirdi. Ciddi dəyişikliklərin olması normaldır. Hər bir futbolçu gedə bilər.
- Mövsümün sonunda sənin də “Keşlə”dən ayrılacağınla bağlı xəbərlər dolaşır. Təkliflərin var?
- Mənim “Keşlə” ilə müqaviləm var. Hələ ki, komandadayam, gözləyirəm. Təkliflər var, amma konkret deyil. Mən də saytlardan oxuyuram.
Elnur SALAHOV