Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 17:40
Yaponiyanın "Toyota" avtomobil istehsalçısı və "Panasonic" korporasiyası bina tikintisi, avtonom avtomobil idarəetmə və "ağıllı" ev texnologiyaları sahəsində biznesi birləşdirəcək birgə müəssisə yaradacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "Regnum" resursuna istinadən yazır ki, birgə müəssisənin yaradılması ilə bağlı qərar "Toyota" şirkətinin icraçı direktoru Masaeşi Şirayanaqın və "Panasonic" rəhbəri Makoto Kitanonun mayın 9-da Tokioda keçirilən birgə mətbuat konfransında açıqlanıb.
Məlumata görə, müəssisənin tərkibinə "Toyota" və "Panasonic"in bina tikintisi ilə məşğul olan törəmə şirkətləri, o cümlədən "Toyota Home", "Misawa Home", "Panasonic Homes", "Panasonic Construction Engineerin" və "Matsumura-gumi" daxil olacaq. Şirkətlərin hər biri birgə müəssisədə səhmlərin 50 faizinə sahib olacaq.
Bildirilir ki, yeni təşkilat, həmçinin müasir şəhərlərin texnoloji infrastrukturu, o cümlədən avtomatlaşdırılmış avtomobil idarəetmə və "Əşyalar interneti" texnologiyalarının inkişafı ilə məşğul olacaq.
Qeyd edək ki, yanvarın 20-də "Toyota" və "Panasonic" şirkətləri elektromobillər üçün bərk cisimli akkumulyatorlar istehsal edəcək birgə müəssisə təsis ediblər.
Nizam Nuriyev