Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 08:08
Cənubi Koreya dördüncü nəsil mobil rabitə şəbəkələrində (4G) mobil internetin sürətinə görə dünyanın digər inkişaf etmiş ölkələrini xeyli üstələyir. Bu barədə "Korea Telecommunications Operations Association" (KTOA) təşkilatının mütəxəssislərinin apardığı tədqiqatın nəticələrində deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, Cənubi Koreyada "LTE" şəbəkələrində orta yükləmə sürəti 150,68 Mbit/saniyəyə çatır. Kanada və ABŞ bu göstəriciyə görə təxminən 3 dəfə geri qalır - Şimali Amerika ölkələrində "LTE" internetinin orta sürəti 52,23 Mbit/saniyə qiymətləndirilir.
Yaponiya və Honkonqda isə sürət daha aşağı olmaqla 46,55 və 43,18 Mbit/saniyə təşkil edir. Cənubi Koreyanın nəticəsinə nisbətən daha yaxın Böyük Britaniya (56,07 Mbit/saniyə), Fransa (67,34 Mbit/saniyə) və Almaniyanın (80,88 Mbit/saniyə) göstəriciləridir.
Bundan başqa, Cənubi Koreya ictimai "Wi-Fi" şəbəkələrində orta yükləmə sürətinə görə irəlidədir. Ölkədə bu göstərici 354,07 Mbit/saniyəyə çatır. Mütəxəssislər tərəfindən nəzərdən keçirilən ölkələr arasında ən pis nəticəni Honkonq nümayiş etdirib: burada ictimai "Wi-Fi" şəbəkələri vasitəsilə internetə orta hesabla 11,79 Mbit/saniyə sürətlə qoşulmaq mümkündür.