Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 16:55
Bakı. Trend:
Dekabrın 27-də Heydər Əliyev Sarayında İmadəddin Nəsiminin Suriyadakı məqbərəsi və Hələb şəhərinin fotolarından ibarət sərgi açılıb.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə baş tutan sərginin müəllifi “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimovdur.
Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi, böyük dağıntılara məruz qalmış şəhərdə şairin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlığa səbəb olub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimov Suriyanın Hələb şəhərində ezamiyyətdə olub. Fotoqraf, böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib.
Sərgini "Nəsimi ili”nə töhfə kimi dəyərləndirən Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, bu fotoşəkillər sayəsində Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarının hazırkı vəziyyəti ilə tanış ola bilirik. Müharibələrin bizim maddi-mənəvi irsimizə necə böyük zərər verdiyinin bir daha şahidi oluruq.
Ə.Qarayev layihənin fotomüxbir Orxan Əzimovun cəsarəti nəticəsində baş tutduğunu vurğulayıb: “Onun Suriyaya getmək cəhdləri baş tutdu, biz də Mədəniyyət Nazirliyi olaraq ona bu işdə dəstək verməyə çalışdıq. Böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib. Nəsiminin məzarına gəldikdə isə şəkillərdən də göründüyü kimi orada hazırda təmir işləri aparılır. Azərbaycan da öz dəstəyini təklif edib”.
Orxan Əzimovun sözlərinə görə, üç metr hündürlükdə hasarla əhatələnən məqbərənin yerləşdiyi küçədə divar üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır. Fotoqraf bildirib ki, məqbərə və onu əhatə edən divarlarda müharibədən öncə başlanmış təmir işləri yarımçıq qalıb: “Abidənin yaxınlığındakı dağıntılar müharibənin dəhşətlərini göz önündə canlandırır. Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələri və ideya davamçılarının da məzarları var. Məqbərədə və ətrafdakı məzarlarda çatlar var ki, bu da yaxın ərazilərə düşən mərmilərin fəsadlarıdır”.
Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin görüntülərini də çəkib. Şəhərin yeddi giriş qapısından 5-i salamat qalıb, 13 kilometr uzunluğunda tarixi Hələb bazarı tamamilə dağıdılıb. 1986-cı ildən UNESKO-nun Dünya İrs Siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Muzeylər, kitabxanalar talan edilib. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb, mehmanxanalar, bazarlar istifadəyə verilib. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar gələcəyə ümidlidir.
Orxan Əzimovun dumanlı, çiskinli, bəzən də günəşli olan Hələbdən hazırladığı fotoreportaj İmadəddin Nəsiminin qəriblikdə sərgərdan olan ruhuna ehtiram, böyük şairin məqbərəsinin taleyindən nigaran olan insanlar üçün bir təsəllidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin