Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 09:33
ABŞ ordusunun komandanlığı 2020-ci ilin sonunadək “General Dynamics Land Systems” şirkətinin yaratdığı “MUTT” robot yükdaşıyanlarını silahlanmaya qəbul etməyi planlaşdırır. Plana görə, 624 robotun tədarükü nəzərdə tutulur.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, “MUTT” robotları ilk növbədə döyüşçülər üçün ekipirovka hissələrinin, döyüş sursatlarının və ərzaqların daşınması, eləcə də kəşfiyyat məqsədilə istifadə ediləcək. Robotlar ordu bölmələrinin mobilliyini artırmağa imkan verəcək.
“MUTT” robotu 2017-ci ildən keçirilən tenderin yekunları üzrə hərbi ehtiyaclar üçün ən yaxşısı seçilib. Müsabiqədə “General Dynamics Land Systems” ilə yanaşı, “Applied Research Associates/Polaris Defense”, “HDT Expeditionary Systems” və “Howe & Howe” şirkətləri iştirak edib. “MUTT” robot yükdaşıyanı 454 kiloqramadək ağırlıqda yükləri daşıya bilir. Robotun avtonom iş vaxtı 72 saata çatır və bu müddət ərzində 100 km məsafə qət edir. Aparat hərəkət zamanı daşınan qurğuların enerji ilə doldurulması üçün 1 kilovat, dayananda isə 3 kilovat elektrik enerjisi hasil edir.
“General Dynamics Land Systems” robotu avtonom rejimdə və ya operatorun idarəetməsi ilə işləyir. Zərurət yarandıqda onu döyüş modulu və ya pilotsuz uçan aparatların buraxılışı üçün platforma ilə təchiz etmək mümkündür. Döyüş zamanı “MUTT” robotundan, həmçinin yaralı hərbi qulluqçuların təxliyəsi üçün istifadə etmək olar.
Nizam Nuriyev