Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 15:32
Bu gün yanvar ayının 8-idir. El dili ilə desək, qışın oğlan çağıdır. Lakin buna baxmayaraq gün ərzində 3-8 dərəcə isti müşahidə olunur. Bu isə, əlbəttə ki, normadan çoxdur.
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sakin: "Bir metrə kimi qar yağırdı. Məhlədə kürüyüb gedirdik".
Sakin: "Yaxşı qış olardı, dizə qədər qar olardı. Uşaqlar sürüşərdilər".
Hüseyn Mustafabəyli - AMEA-nın əməkdaşı: "Bütün dünyanı əhatə edən qlobal bir məsələdir. Hal-hazırda hava sirkulyasiyası zəifləyir. Qlobal istiləşmənin səbəbi oksigen qazının azalması, karbon qazının çoxalmasıdır".
Bu sahədə təcili və genişmiqyaslı ölçülərə əl atılmalı olduğunun vacibliyinə diqqət çəkən AMEA əməkdaşı temperaturun yuxarı qalxmasının təhlükələrinin qorxunc olacağını deyir.
Hüseyn Mustafabəyli - AMEA-nın əməkdaşı: "Xəzərdə yaranan problemlər çox ciddidir. Nə də onun səviyyəsinin artıb-azalması normal deyil. Proqnozlaşdırmaq mümkün deyil. Bu, o deməkdir ki, artıq səhralaşma prosesi üçün Azərbaycanda ciddi bir təsir göstərmiş olur".
Əlbəttə, istiləşmə yalnız təbii proseslərə təsir etmir, kənd təsərrüfatının da tənəzzülünə səbəb ola bilir. İqlim dəyişikliklərinin baş verməsində insan amilinin də rolu böyükdür. Hazırda xarici təcrübədə istiləşmənin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edirlər.
Hüseyn Mustafabəyli - AMEA-nın əməkdaşı: "Məsələn, Çində istənilən zaman qar yağdırmaq mümkün olur. Bundan kənd təsərrüfatında da istifadə etmək mümkün olur. Nə qədər ki, böyük dövlətlər öz ərazilərində hansısa hidrometeoroloji dəyişmələr tətbiq edirsə, bizim ərazilərdə fəsadlar törətmiş olur".
Bu il istilik ötən ilin temperatur göstəricilərinə nisbətən artıb.
Məlahət Zahidi - HMS-nın əməkdaşı: "Çoxillik norma müsbət 3,7 dərəcə olduğu halda bu il havanın orta temperaturu müsbət 5,6 dərəcə qeydə alınmışdır. Çoxillik norma ilə müqayisədə havanın orta temperaturu 2 dəfə çox olmuşdur".
İqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrini əhatə edir. Heç bir tədbir görülməzsə, XXI əsrdə dünyada temperaturunun yüksələcəyi proqnoz olunur. Yəni artıq sözdən işə keçməyin zamanıdır. Yoxsa yaxın 40-50 il ərzində temperatur daha 1 dərəcə də arta bilər ki, bu da dünyanı fəlakət qarşısında qoyar.