Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 11:36
Avropa İttifaqı (Aİ) Azərbaycana bərpa olunan enerji mənbələri sahəsində ən yeni texnologiyalarla bağlı kömək etməyə hazırdır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O bildirib ki, Aİ ölkənin yeni uzunmüddətli enerji strategiyası üzərində Azərbaycanla birgə işləyir: "Azərbaycanda günəş və külək enerjisi ilə bağlı yaxşı potensial var. Bu potensialdan istifadə kommunal xidmət haqlarını azaltmağa imkan verəcək və ətraf mühiti daha təmiz edəcək. Biz Azərbaycana bərpa olunan enerji mənbələri sahəsində ən yeni texnologiyalarla bağlı kömək etməyə hazırıq".
K.Yankauskas qeyd edib ki, 2020-ci ildə Aİ və Azərbaycan bir sıra şəhər və bələdiyyələrin enerji səmərəliliyinin yüksəldilməsi proqramları üzrə əməkdaşlığı genişləndirəcək: "Yeni Avropa Komissiyasının əsas məqsədlərindən biri "Yaşıl saziş"in qəbul olunması üzrə iş olub. Biz qarşımıza 2050-ci ilədək Avropanı iqlim baxımından dünyada ilk neytral qitəyə çevirmək məqsədi qoymuşuq. Bizə bu məsələdə tərəfdarlarımızın köməyi lazımdır, bu, hamımız üçün vacibdir".
Qeyd edək ki, daha əvvəl Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Trend-ə müsahibəsində Azərbaycanda bərpa olunan enerji potensialının 26,9 min meqavatt təşkil etdiyini bildirmişdi. Buraya külək enerjisi (3 min meqavatt), günəş enerjisi (23,04 min meqavatt), bioenerji potensialı (380 meqavatt) və dağ çaylarının enerjisi (520 meqavatt) daxildir.
O xatırladıb ki, 2018-ci ildə ölkədə 25,2 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub və bunun 2,04 milyard kilovatt/saatı bərpa olunan enerji mənbələrinin payına düşüb: "İl ərzində külək elektrik stansiyalarında 85,7 milyon kilovatt/saat, günəş elektrik stansiyalarında 39,3 milyon kilovatt/saat, sərt məişət tullantılarının yandırılması qurğularında 162,3 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunub".
Z.Məmmədov əlavə edib ki, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ümumi istehsalda payı 8,1 faiz təşkil edib.