Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 08:04
Bir neçə gün əvvəl "Neftçi"dən ayrılaraq ölkəsi Ukraynada "Kolos" klubu ilə müqavilə imzalayan Kiril Petrov "Komanda1" nəşrinə müsahibə verib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, 30 yaşlı müdafiəçi həm "Neftçi", həm Azərbaycan, həm də Premyer Liqamız barədə fikirlərini bölüşüb.
- Yenidən Ukraynaya qayıtdınız və "Kolos"la müqavilə imzaladınız. Niyə "Neftçi"dən ayrılmaq qərarına gəldiniz?
- "Neftçi" ilə müqaviləmin müddəti may ayına qədər olsa da, bunu ləğv etmək qərarına gəldik. Bəzi nüanslar var idi, amma bir-birimizin əlini sıxdıq və evə qayıtmaq istədim. "Kolos" variantı ortaya çıxdıqda hər şey tez baş verdi. Ruslan Kostışinlə telefonda danışdıq və bu komandanın təklifini qəbul etdim.
- Azərbaycandakı çıxışdan sonra ora ilə bağlı hansı xatirələriniz yadınızda qalacaq?
- Xoş xatirələr. Orada gözəl insanlarla tanış oldum. Möhtəşəm ölkə, xeyirxah və kömək etməyi sevən insanlar. Orada hər şey super idi. Azərbaycanda futbol da yaxşı səviyyədədir, liderlik uğrunda mübarizə aparırdıq. Bu mövsüm Avropa Liqasında oynadıq. Moldova klubunu, daha sonra Tula "Arsenal"ını mübarizədən kənarlaşdırdıq. Yalnız İsrail təmsilçisi ilə görüşdə büdrədik.
- Azərbaycan çempionatının səviyyəsi necədir?
- Yaxşıdır. Çempionat əcnəbilərin hesabına ayaqda durur. Əlbəttə ki, "Qarabağ" liderdir, digərləri də cəhd edir, mübarizə aparırlar. Azərbaycan komandalarında çox sayda texnikalı oyunçu var, topla işləməyi yaxşı bacarırlar. Onların çempionat səviyyəsini bizimki ilə müqayisə etmək üçün əvvəlcə burada oynamalı, sonra nəticə çıxarmalıyam. Ukraynanı tərk etdikdən bəri kifayət qədər vaxt keçib.
- Azərbaycandakı digər ukraynalılarla görüşürdünüzmü?
- Aleksandr Rıbka ilə yollarımız tez-tez kəsişirdi, çünki eyni şəhərdə yaşayırdıq. Əvvəllər orada Vitali Kvaşuk da oynayırdı. Həmçinin "Qəbələ"də də ukraynalılar var idi.
- Başqa təklifləriniz yox idi?
- Var idi, amma real deyildi. Mənə dəqiqlik lazım idi. Ürəyim də Ukraynaya qayıtmaq istəyirdi. Çünki ailəm burada idi, uşaqlar böyüyür, mən isə Bakıda yaşayırdım. Buna görə də, evə qayıtmaq istəyirdim.