Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 13:27
Bakı. Ceyhun Ələkbərov - Trend:
Ötən il Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3 milyon 170 min 680 sərnişin istifadə edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə beynəlxalq istiqamətlərdə kəskin artım müşahidə olunub:
“Ötən il ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksi 123 min 107 reys həyata keçirib. Bu reyslərlə 3 milyon 170 min 680 sərnişin daşınıb. Beynəlxalq reyslərin payına 9 min 933 reys və 285 min 386 sərnişin düşür. Xüsusən qeyd edim ki, bu il beynəlxalq istiqamətlərdə kifayət qədər axın olub. Geridə qalan illərə nisbətən Naxçıvana 2019-cu ildə 15 min, Təbrizə 30 min, İstanbula 3 min 500 sərnişin daha çox yola salınıb. Gürcüstanın Tbilisi, Laqodexi, Marnueli və eyni zamanda yay aylarında Batumi istiqamətlərinə də, kifayət qədər sərnişin axını olub”.
P. Məmmədova qeyd edib ki, şəhərlərarası istiqamətlərdə 113 min 174 reys həyata keçirilib.
“Şəhərlərarası reyslərdə ən çox axın Gəncə, Qırmızı Körpü, Xaçmaz, Quba, Qusar, Mingəçevir şəhərlərinə olub ki, bu istiqamətlərdə 2 milyon 885 min 294 nəfər daşınıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin