Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 12:51
Bakı. Trend:
Vergi sistemində dəyişikliklərin baş verməsi nəticəsində şahidi olduq ki, könüllü vergi ödəmələrinin həcmi artır.
Trend xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, 2018-ci ilin birinci rübünün sonunda vergi plan proqnozuna nisbətən yığılan vəsaitin həcmi təxminən 150 milyon manat olduğu halda, cari ilin ilk dörd ayı nəticəsində bu rəqəm 200 milyon manatdan çoxdur:
“Bunun əsas səbəbi vergi qanunvericiliyinin çərçivəsinin dəyişməsidir. Dəyişikliyin əsas səbəbi vergi yükünün azaldılması ilə paralel olaraq, qanunvericilikdə nəzərdə tutulan bütün güzəştlərin tam həcmdə tətbiq edilməsidir. 2019-cu ilin yanvarın 1-dən bizim qanunvericilikdə bir çox aparıcı yanaşmalar öz əksini tapdı. Vergi yükünün azalması, xüsusilə də qeyri-neft sektorunda fəaliyyət göstərən muzdlu işçiyə aiddir".
Mikayıl Cabbarovun sözlərinə görə, vergilər sahəsində həyata keçirilən islahatlar öz nəticələrini verir.
“Ticarət sektoru üzrə dövriyyə təxminən 24 faiz, pərakəndə ticarətin dövriyyəsi təxminən 35 faiz artıb. İctimai iaşədə dövriyyə 15 faiz yüksəlib”.
Vergilər naziri bildirib ki, qeyri-neft sektorunda qeydiyyatdan keçən əmək müqavilələrinin sayı ilin 4 ayında 58 min artıb:
“2019-cu ilin birinci rübünün rəqəmlərinə baxsaq, görərik ki, qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 69,1 faizdir. Bu həyata keçirilən işlərin nəticəsidir. Onu da unutmamalıyıq ki, qeyri-neft sektoruna xüsusi vergi güzəştləri verilib. Vergilər nazirliyi olaraq yeni iş yerlərinin açılması, sərmayələrin qoyulması kimi meyilləri də çox müsbət qiymətləndiririk”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin