Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Belarusun “Belqospişeprom” konserni arasında niyyət protokolu imzalanıb (FOTO)

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Belarusun “Belqospişeprom” konserni arasında niyyət protokolu imzalanıb (FOTO)

Tarix: 17 May 2019 13:09

Bakı. Trend:

May ayının 15-17 tarixlərində Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisi keçirilir.

Trend-in məlumatına görə, dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən sərgidə “Azərbaycan Sənaye Korporasiyası” ASC də iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 06 noyabr 2017-ci ildə yaradılmış “Azərbaycan Sənaye Korporasiyası” ASC bu sərgidə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azəripək” MMC, “ASK Heyvandarlıq” MMC və “ASK Şəki Şərab” zavodu ilə təmsil olunurdu. Bu müəssisələr ölkənin aqrar sahəsində xüsusi çəkiyə malik olmaqla, müvafiq istiqamətlər üzrə məhsul istehsalını həyata keçirir, onalrın fəaliyyətləri 20-dən çox rayonu əhatə edir və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində minlərlə fermerə dəstək göstərirlər.

“WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya, İtaliya, Türkiyə, Şri-Lanka, Gürcüstan, Niderland Krallığı və digər ölkələri təmsil edən şirkətlər də iştirak edib. Ənənəvi olaraq sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da təmsil olunub.

Yerli və beynəlxalq istehsalçılar, distribyutorlar və ixracatçıların unikal görüş yerinə çevrilən bu sərgi “Azərbaycan Sənaye Korporasiyası” ASC üçün də istər yerli, istərsə də ölkələr arasında yeni biznes və iqtisadi ticarət əlaqələrinin inkişafına start vermək baxımından əhəmiyyət daşıyır.

“WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində iştirak edən Belarus Respublikasının “Belqospişeprom” konserni ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında qarşılıqlı əməkdaşlıq barəsində imzalanan niyyət protokolu da məhz iki ölkə arasında birgə tərəfdaşlıq baxımından əhəmiyyətlidir. Protokolu Belarus Respublikası tərəfindən konsernin sədri Aleksandr Zabello, Azərbaycan Respublikası tərəfindən Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıb. Birgə əməkdaşlıq niyyəti daşıyan bu sənəd çərçivəsində məqsəd “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC ilə “Belqospişeprom” konserninin nəzdində fəaliyyət göstərən “Qrodnenskaya tabaçnaya fabrika “Neman” ASC arasında tütün məhsullarının ixracı üzrə müqavilənin imzalanması, 2019-cu ilin iyun-iyul aylarında qarşılıqlı səfərlərin təşkili, məhsul istehsalı sahəsində müəssisələr arasında təcrübə mübadiləsi, “Qrodnenskaya tabaçnaya fabrika “Neman” ASC-də tütün məmulatlarının istehsal prosesi ilə tanışlıq və birgə istehsal layihələrinin həyata keçirilməsi istiqamətində imkanların araşdırılması barəsində razılığın əldə olunmasıdır.


Etiketlər:  Azərbaycan Sənaye Korporasiyası ASC Belarusun Belqospişeprom konserni arasında niyyət protokolu imzalanıb FOTO


RƏYLƏR