Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 10:18
"Çexiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək, xüsusilə də Azərbaycana ixrac və investisiyaları artırmaq niyyətindədir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə müsahibəsində Çexiyanın Xarici İşlər naziri Tomaş Petrşiçek deyib.
O bildirib ki, yeni layihələrin işə düşməsi üçün imkanlar birgə komissiyanın iclasında yarana bilər:
"Ümid edirik ki, komissiyanın iclası yaxın zamanlarda baş tutacaq. İqtisadi əməkdaşlıq Milli Məclisin yeni seçiləcək deputatları ilə çexiyalı həmkarları arasında da müzakirə oluna bilər. Çünki Çexiya Deputatlar Palatasının İqtisadi komitəsi bu il Azərbaycana səfər etməkdə maraqlıdır".
Nazir qeyd edib ki, Çexiya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqları dəstəkləyir.
T.Petrşiçek əlavə edib ki, 2020-ci ildə ölkələr Çexiyanın Bakıdakı səfirliyinin açılmasının 10 illiyini və Bakıda iki ölkə prezidentləri arasında imzalanmış Strateji tərəfdaşlıq barədə birgə bəyannamənin 5 illiyini qeyd edəcək.
2019-cu ilin yekunlarından danışan nazir deyib ki, ötən il ikitərəfli siyasi və iqtisadi münasibətlərdə, eləcə də mədəniyyət və təhsil sahələrində müsbət addımlarla yadda qaldı:
"İyunda Praqada siyasi məşvərətlər baş tutdu. Çexiya XİN rəhbərinin müavinləri Aleş Xmelarj və Martin Poveyşil azərbaycanlı həmkarları Xələf Xələfovla görüşüb və ikitərəfli münasibətləri müzakirə ediblər. Görüşlər zamanı bizim tərəfimizdən vurğulanıb ki, danışıqlara əsaslanan sülh yolu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə üsuludur".
Nazir vurğulayıb ki, ötən il ərzində ikitərəfli münasibətlər təhsil sahəsində də inkişaf edib:
"Tələbə vizalarının, eləcə də Vışeqrad təqaüdünün alınması üçün müraciətlərin sayı bir daha Çexiya universitetlərinin azərbaycanlı tələbələr arasında nə dərəcədə populyar olduğunu göstərdi".