Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 14:46
Son günlərdə ABŞ tərəfindən Gürcüstan hakimiyyətinə qarşı tənqidlər və sərt bəyanatlar çoxalıb.
Son iki həftədə Nümayəndələr palatasının 7 konqresmeni milyarder Bidzina İvanişvilinin liderlik etdiyi "Gürcü arzusu" partiyası iqtidarı ilə bağlı tənqidlər səsləndiriblər. Onların demək olar ki, hamısının hakim Respublikaçılar partiyasından olması diqqət çəkən məqamlardandır.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu günlərdə onlara Nümayəndələr palatasının üzvü Brayan Babin də qoşulub. Brayan Babin da Gürcüstandakı mövcud iqtidarın digər tənqidçisi Pit Olson kimi Texas ştatını təmsil edir.
Bu il yanvar ayının 24-də o, Twitter səhifəsindən Gürcüstanın baş naziri Georgi Qaxariyaya məktub göndərib. "Mən ona Gürcüstanda islahatların ləngiməsinə və Amerika investisiyaları üçün mühitin pisləşməsinə görə məktub yazdım", - deyə amerikalı konqresmen bildirib.
Brayan Babin öz məktubunda Gürcüstandakı mövcud iqtidarın günahı ucbatından ölkəyə ABŞ sərmayəsinin azaldığını qeyd edib. Buna nümunə olaraq o, "Frontera Resources" adlı şirkətlə pozulan müqaviləni göstərib.
B.Babin Gürcüstanın hərəkətlərinin əvvəl-axır onlara qarşı sanksiyalar tətbiq olunmasına gətirib çıxaracağını vurğulayıb.
"Bununla əlaqədar mən Gürcüstanı islahatları davam etdirməyə çağıran konqresmenlərə qoşulduğumu bildirir və "Gürcüstanda ədalətli biznes praktikası üçün sanksiyalar haqqında akt"ın həmmüəllifi olduğumu bəyan edirəm", - Brayan Babin tvitter hesabında yazıb.
Amerikalı konqresmen Gürcüstanın bundan sonra da Birləşmiş Ştatların strateji partnyoru olaraq qalacağına və demokratik islahatların aparılması kursunu bərpa edəcəyinə ümid bəslədiyini bildirib.
Qeyd etmək lazımdır ki, "Frontera Resources" şirkəti barəsində Konqresin digər üzvü, Markveyn Mallin də baş nazir Georgi Qaxariyaya sərt tənqidlər səsləndirib. Doğrudur, sonradan həmin konqresmenin məhz həmin firmanın rəsmi şəkildə lobbiçiliyini etdiyi ortaya çıxıb.