Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 06:30
Qoşqar Məhərrrəmov: "Bu imkanları şagirdlərə təqdim edə bilmək, məktəbin ən önəmli funksiyalarından biridir"
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
Demək olar ki, hər sinifdə, digərləri ilə müqayisədə nəticələri zəif olan şagirdlərə rast gəlmək mümkündür. Bu cür uşaqların valideynləri bir çox hallarda yaxşı oxuyan şagirdlərlə müqayisə aparıb uşaqlarını "motivasiya" etməyə çalışırlar. Bəzi müəllimlərin çıxış yolu isə onları arxa partalara yola salmaqdır. Bəs burda necə davranmaq lazımdır?
Təhsil mütəxəssisi Qoşqar Məhərrrəmov deyir ki, ilk olaraq şagirdlərin bu nəticəsinin səbəbini araşdırıb aradan qaldırmağa çalışmalıyıq: "Həm uğurun, həm də uğursuzluğun birdən çox səbəbləri olur. Ona görə də, söhbət zəif nəticə göstərən şagirdlərdən gedirsə, demək ki, həmin uşaqlarla xüsusi işləmək lazımdır. Əksər halda bu tip şagirdlər sinfin arxa partalarına göndərilir və valideyn və sinif müəllimləri tərəfindən "səndə bu niyə alınmadı?" kimi tənqid və ya bəzən də təhqir dolu fikirlər səsləndirilir. Ancaq burda peşəkar iş ortaya qoyulmalıdır. Məktəbdə müəllim, valideyn, məktəbin psixoloqu, əgər varsa, məktəbdə sosial pedaqoq, yaxud təhsil kouçu bu uşaqlarla bir yerdə işləməlidir. İlk olaraq müəyyənləşdirilməlidir ki, şagird hansısa fəndən zəifdir, yoxsa bütün fənlərdən. Çünki şagirddə ümumi bir zəiflik də ola bilər, hansısa fəndən də. Bunun səbəbi həvəssizlik, diqqətsizlik, öyrənmə pozuntusu, müəllimi və ya dərsi sevməmək, yaxud ailədaxili bir problem və s. ola bilər. Zəifliyə səbəb olan problemi tapıb həll etməyə çalışmaq lazımdır. Yəni uşaq müəllimi sevmədiyi üçün oxumursa, müəllimi sevməsi üçün addım atılmalıdır. Fənni sevmirsə, fənni sevdirməyə çalışmaq vacibdir. Əgər valideynlə problem varsa, ailədə, oxumaq üçün şərait yoxdursa, aradan qaldırılmalıdır".
Q.Məhərrəmovun sözlərinə görə, əgər bu kimi problem yoxdursa və uşaq yenə də dərslərdən zəif nəticə göstərirsə, yenə də uşağa müsbət davranmağa davam edirik: "Tənqid, təhqir, digər şagirdlərlə onları müqayisə etmək doğru deyil. Müqayisə edərək onları əzmək olmaz. Məktəb, həyatın fərqli fəaliyyət növlərinin təcrübə yeridir. Uşaqlar məktəbdə bunları sınayırlar. Məsələn, tikiş, idman, musiqi, teatr və s. Məktəb həyatın özüdür. Şagird orda həyatın fərqli sahələrini sınayır, özünü tapmağa çalışır. Bu imkanları şagirdlərə təqdim edə bilmək, məktəbin ən önəmli funksiyalarından biridir. Özünü tapandan sonra, artıq o, peşə sahəsində davam edəcək. Valideynlər və müəllimlər həmişə, hər vəziyyətdə şagirdin yanında olsunlar, tənbəlliklə barışmasınlar, uğursuzluğu şagirdin məsuliyyəti və ya məsuliyyətsizliyi kimi qələmə verməsinlər. Uşağa təzyiq edərək ondan yaxşı nəticə gözləməkdənsə, onların rəsm, idman, yaxud da başqa hansı qabiliyyətlərinin olmasını öyrənməli, o istiqamətdə yönəldilməsi üçün iş aparılmalıdır. Məktəblərdə peşə istiqamətinə yönəlmə ilə bağlı 8-ci sinifdən başlayaraq məlumatlandırılma aparılmalıdır. Sosial pedaqoqlar, müəllimlər, valideynlər birgə, şagirdlərə istiqamət müəyyən etməlidirlər ki, onlar gələcək həyatlarını o ölçüdə cızsınlar, çalışmalarını o yöndə aparsınlar. Yəni dünyada məktəbdə fərqli iş sahələrinin, həyatın fərqli mərhələlərinin təqdim olunması geniş təcrübədir. Bizim məktəblərimizdəki məşğələlər, klublar sırf bu məntiqlə açılır. Bu yolla biz məktəbdə şagirdlərimizin hamısını qazanmış olarıq. Təhsil sistemimizdə "artıq" anlayışı yoxdur və ola da bilməz".
Q.Məhərrəmov qeyd etdi ki, "Dərslərini oxumursa, pis uşaqdı" anlayışından uzaq olmaq lazımdır: "Bu anlayışı yıxıb, yerinə "O bir insandır, fərqli potensialı ola bilər, sadəcə biz onu kəşf etməliyi" deyə düşünməkdə fayda var. Şagirdin özünü kəşf etməyinə kömək olmalıyıq. Təhsil kouçları əsas bu işə baxır. Şagirdlərin özlərini tapmalarına kömək etmək, uğur yolunda onlara yol-yoldaşı olmaq məsələsində təhsil kouçları dünyada fəaliyyət göstərirlər. Ümid edək ki, biz də təhsil sistemimizdə yaxın gələcəkdə təhsil kouçlarını və onların gördükləri işin nəticəsini görəcəyik".