Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 21:42
Bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var. Əlbəttə, bizi narahat edən məsələlər var - regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın "Rossiya-24" telekanalına müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, iri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Biz bunu müxtəlif intensivlik dərəcəsi ilə əsrlərboyu müşahidə edirik. Bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur.
"BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar", - deyə Prezident İlham Əliyev vurğulayıb.