Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 13:42
Fevralın 9-da baş tutacaq növbədənkənar parlament seçkilərinin keçirilməsinə 12 gün müddət qalıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, vaxt yaxınlaşdıqca VI çağırış Milli Məclisə keçiriləcək seçkilərin nəticələrini ictimaiyyət daha maraqla gözləyir. Bu baxımdan da qeydə alınan namizədlər seçiciləri seçkidə fəal olmağa və iştiraka səsləyirlər.
Belə məqamda seçiciləri maraqlandıran əsas məsələ isə, seçki günü harada səs vermələri ilə bağlıdır.
Vətəndaşların nəzərinə çatdırırıq ki, bunun üçün ilkin variant, şəxsin öz adını Mərkəzi Seçki Komissiyasının Seçicilər İnformasiya Mərkəzində axtarmasıdır. Adınızı, soyadınızı, təvəllüd və cinsinizi qeyd edilən bölmələrə yazıb axtarış verə bilərsiniz. Axtarışın nəticəsi tapılarsa, sizin hansı məntəqədə səs verməli olmağınız barədə məlumatları əldə etmiş olacaqsınız.
Bəs, nəticə tapılmazsa, nə etmək lazımdır? Bu zaman vətəndaş səsvermə hüququndan necə istifadə etməlidir?
Sayt sözügedən sualla Mərkəzi Seçki Komissiyasına müraciət edib. MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli sorğumuza cavab olaraq bildirib ki, hər hansı səbəbdən adı seçici siyahısına düşməyən vətəndaşın səsvermə hüququndan istifadə etməsində heç bir problem yoxdur:
"Belə ki, adı seçici siyahısına düşməyən vətəndaş seçki günü qeydiyyatda olduğu ərazi üzrə seçki məntəqəsinə gəlib şəxsiyyət vəsiqəsini təqdim etməklə, adı əlavə seçici siyahısına daxil edilərək azad və sərbəst şəkildə istədiyi namizədə səs verə bilər.
Ümumiyyətlə, Azərbaycanda keçirilən seçkilərdə vətəndaşın qeydiyyat ünvanından asılı olmayaraq, Seçki Məcəlləsində nəzərdə tutulan qaydada daimi yaşadığı ərazidəki seçki məntəqəsində səsvermə hüququ var. Bu baxımdan da, seçicilər üçün hər hansı bir məhdudiyyət yoxdur"- deyə, Ş. Əsədli qeyd edib.
Qanunvericilikdə nəzərdə tutulan bu məsələni izahlı şəkildə oxucuların diqqətinə çatdırırıq.
Tutaq ki, başqa rayonda qeydiyyatda olub paytaxtda yaşayan bir vətəndaş eyni ünvanda seçkilərin təyin edildiyi gündən əvvəlki 1 ilin azı 6 ayı ərzində daimi yaşayıbsa, həmin ərazidə səsvermə hüququndan istifadə edə bilər. Bunun üçün seçici qanunvericilikdə müəyyən olunan müddətdə və qaydada daimi yaşadığı ərazi üzrə dairə və məntəqə seçki komissiyasına müraciət etməlidir. Bu zaman vətəndaşın adı seçicilər siyahısına daxil edilməklə seçki günü səsvermə hüququndan istifadə etməsinə tam şərait yaradılır.