Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şagird müəllimini sevmirsə, onun keçdiyi dərsin faydası yoxdur'' - Örnək - FOTO

''Şagird müəllimini sevmirsə, onun keçdiyi dərsin faydası yoxdur'' - Örnək - FOTO

Tarix: 3 Fevral 2020 06:30

Gülnarə Xalıqova: Hansısa vətəndaş cinayət törədirsə, deməli, onun bünövrəsində - ya ailəsində sıxıntı, ya da müəllimlərində çatışmazlıq olub

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

"Balın azdır, get müəllim ol" kimi cümlələr onu incidir. Deyir ki, müəllimlik əhəmiyyətsiz sənət deyil ki, ona bu cür yanaşılsın. Ona görə, müəllimlərin işə qəbulunun imtahanla olması çox gözəldir. Müsahibimiz kənd müəllimi Gülnarə Xalıqovadır.

Gülnarə Ağsu rayonu 1 nömrəli məktəb-liseyini bitirib. 2013-cü ildə Bakı Dövlət Universitetinə imtahan verib. Lakin ödənişli ixtisasa qəbul olunduğu üçün ailənin maddi vəziyyətinə görə təhsilini davam etdirə bilməyib. Ödənişsiz əsaslarla Şamaxı Humanitar Kollecində ibtidai sinif müəllimliyi təhsilini seçib. Deyir ki, ibtidai sinif müəllimi olmasını ailəsi istəyib və onu məhz bu təhsilə yönəldib. Həmsöhbətimiz müəllimliyi uşaqlıqdan arzulamayıb. O, bu sahəni təcrübədə, uşaqlarla işlədikcə sevib. Kolleci bitirdikdən sonra müəllimlərin işə qəbul imtahanına hazırlaşıb. Müqavilə ilə Ağsu rayonunun Ləngəbiz kəndinə işləməyə gedib. 1 il işlədikdən sonra ailə qurduğu üçün ara verib və bu il yenidən müəllimlərin işə qəbul imtanına qatılaraq, yüksək bal toplayıb. Hazırda Ağsu rayonu M.Mirzəməmmədov adına Aratkənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir.

Müsahibimiz deyir ki, hər bir sənətin öz çətinliyi var, amma kənd yerində uşaqlarla işləmək daha çətindir: "Kənd yerlərində məktəbəqədər təhsil olmur. Uşaq birbaşa ev mühitindən məktəbə gəlir. Müəllimə, məktəbə alışana qədər çətinliklər olur. Müəllimin adi bir sözü onların xətrinə dəyir, ağlayır, inciyirlər. Mən də onları öyrənənə, psixologiyaları ilə tanış olana qədər bir ay çətinlik çəkdim. İndi uşaqlarımdan tam razıyam. Hiss edirəm ki, onlar məni sevir, mən də onları. Yeni təlim metodu ilə dərslər keçirik. Aksion, roll oyunlarını sevir, hər dərs bunu istəyirlər. Uşaqlar mən deyəni anlayır, mən də onları başa düşə bilirəm. Bir gün əvvəldən özüm də hazırlaşıram ki, şagirdlərin suallarını cavabsız qoymayım".

- Sizcə, uşağı sevməyən müəllim ola bilərmi?

- Uşağı sevməyən insan müəllimlik sənətini dərk edə bilməz. Sevməsən, onun dilini anlamazsan, nə demək istədiyini başa düşməzsən. Uşaqla ünsiyyət qurmasan, sənin dərsin heç bir halda keyfiyyətli olmaz. Gərək şagirdi öz uşağın kimi sevib, ona qayğı göstərəsən. Müəllimin işi tək dərs deməklə bitmir. Əgər şagird müəllimi sevmirsə, onun keçdiyi dərsin heç bir əhəmiyyəti olmaz. İbtidai siniflərdə şagirdlə müəllimin arasındakı bağlar daha möhkəm olmalıdır. Uşaqdır, bəzən ayaqqabısının bağı açılır, üzü bulaşır və s. Onlara da diqqət etmək lazımdır. Evdə öz övladına necə baxırsansa, məktəbdə də elə olmalıdır. Sabah bizim də övladlarımızı bir müəllim yetişdirəcək. Uşağı sevməyən müəllim öz vəzifəsini layiqincə yerinə yetirə bilməz. Bəzən olur ki, dərsdə bütün günü gülən, aktiv olan şagird kefsiz dayanır. Onunla təklikdə söhbət edirəm. Uşaqla çox ünsiyyət quranda, o da sənə bağlı olur. Beyinləri ağ kağız kimidir, ona nə versən, gələcəkdə də onu götürəcəksən. Əlbəttə, şiddət göstərsən, kobud danışsan, o da elə yetişəcək. Bizim məqsədimiz gələcək üçün layiqli vətəndaş hazırlamaqdır.

Müsahibimiz deyir ki, yaxşı müəllim savadlı və qayğıkeş olmalıdır: "İlk şərt, əlbəttə ki, savaddır. Savadsız müəllim şagirdi sevsə də, yenə də dərsini icra edə bilməz, şagirdin qarşısında aciz qalar. Uşaq sual verəndə cavablandırmaq üçün ilk növbədə savad lazımdır. İkinci vacib şərt uşağı sevməkdir. Müəllim uşaqları sevməlidir ki, sevgi ilə o savadı çatdırsın. Uşaqların psixologiyasını bilməyəndə də bilikləri ötürə bilməz".

Gülnarə müəllim deyir ki, kənd məktəbində ən çox qış aylarında çətinlik çəkir: "Biz getdiyimiz kəndin yolları narahatdır. Amma işə getmək hər bir halda gözəldir. Bilirsən ki, səni gözləyən şagirdlərin var. Əvvəl işlədiyim məktəbdə həmin məktəbin müəllimləri və valideynlər gənc olduğum üçün məni qəbul edə bilmirdilər. Yaşım da az idi. Mənə inamsız yanaşırdılar. Deyirdilər ki, gəncdir, balacadır, bu, uşaqlara nə öyrədəcək? İndi valideynlər də, müəllimlər də mənə dəstək olurlar". 
 
- Bəs özünüz ilk dəfə dərs keçmək üçün sinfə girəndə, "birdən öhdəsindən gələ bilmərəm" deyə düşündünüzmü?

- Bəli, ilk il o qorxunu keçirdim. Deyirdim ki, mən şagirdlərlə necə dil tapacam, bacara bilcəyəmmi? Özümə bu cür suallar verirdim. Buna görə çox narahat idim. İlk dəfə 3-cü siniflərə dərs keçdim. Məni də uşaq kimi görürdülər deyə, kəndin qınağından qorxurdum. 1-2 aya özümü sübut etdim. İndi hətta sinfin bər-bəzəyinə də fikir verirəm. Otaq cansıxıcı olanda, böyük insan da otaqda qala bilmir. Birinci siniflər uşaq ruhlu olduğu üçün otaqları onlara uyğun bəzəyirəm ki, dərsdə darıxmasınlar. Əlbəttə, zəif şagirdlər də olur. Əgər bir şagird "5", digəri "3" qiymət alırsa, məncə, müəllim günahkardır. Şagirdi yox, özüm-özümü qınayıram. Yəqin ki, mənim izah etməyimdə qüsur var. Tənəffüsdə bir də izah edirəm ki, bütün şagirdlər bilik səviyyəsində bərabər olsun. Şagirdlərin arasında yarışmalar keçirir, qalibləri kiçik hədiyyələrlə mükafatlandırıram ki, hər gün dərsə gəlməyə can atsınlar. Bir dərsdən qalmaq da şagirdi geri salır.

- Şagirdlərlə bağlı unutmadığınız hansısa xatirəniz varmı?

- Heç vaxt unutmadığım xatirələrdən biri odur ki, sinfimdə əkiz oğlanlar oxuyurdular. Hiss edirdim ki, əkizlərin biri məni daha çox istəyir. Hətta mənə məktub belə yazırdı. Artıq dərs ilinin sonu idi və uşaqlara elan elədim ki, dərs ili yekunlaşır. Həmin uşaq mənə dedi ki, müəllimə gələn il də siz dərs keçəcəksiniz? Dedim yox, gələn il öz müəlliminiz gələcək. Uşaq həmin an məndən icazə almadan, ağlayaraq, çölə çıxdı. Uşağın yanına getdim. Məndən qaçırdı ki, səndən küsmüşəm, bizi qoyub gedəcəksən. Uşaq çox ağladı. Mən gedənə qədər pis oldum ki, o uşaq məndən küskün ayrıldı. Həmin yerə bir də yolum düşmədiyinə görə, uşağı görə bilmədim.
 
- Gülnarə xanım, ucqar kənddə uşaqların və valideynlərin təhsilə marağı necədir?

- Təəssüf ki, müəyyən müddət sonra uşaqların bir qismi məktəbdən çıxarılır. Xüsusilə qızlar. Məktəb rəhbərliyi buna nə qədər qarşı olsa da, icazə verməsə də, valideyn yenə də öz bildiyini edir. Dərsdən yayınan uşaqlar olur. Kənd yerlərində bu hallar daha çoxdur. Rayon mərkəzində qızların təhsilinə önəm verilir. Kənddə isə qızlar daha çox evliliyə cəlb olunur. Bu, qlobal problemdir. Bizim məktəb yeni tikilib və bu il istifadəyə verilib. İndi hiss edirəm ki, valideynlərin marağı daha çoxdur. Amma bütün valideynlər belə deyil. 9-cu sinifdən şagirdlər azalır, 11-ci sinifdə cəmi 3-5 şagird olur. Yuxarı siniflərə qalxdıqca, şagirdlər dərsdən yayındırılır. Bu ən böyük problemlərdən biridir. Əlbəttə, kəndin ərazisindən də asılıdır. Məktəb rəhbərliyi nə qədər tədbir həyata keçirsə də, bəzi valideynlərə qalib gəlmək olmur. Qadına təhsil çox lazımdır. Bəzi valideynlər bunu dərk etmir və qızları dərsdən yayındırırlar. Azərbaycanda təhsilə dəyər verilir, şagirdlər üçün hər bir şərait yaradılır. Şagirdlər arasında bilik yarışları keçirilir, qaliblər mükafatlandırılır. Erkən nikah ən böyük müsibətimizdir. Müasir dövrdə yaşayırıq, amma yenə erkən nikahla mübarizə aparırıq. Şagird uşaqlığını, tələbəliyini yaşamalıdır, sonra işləməlidir. Özünü yararlı vətəndaş hiss etməli, cəmiyyətdə mövqe tutmalıdır. Uşaq gəlinlər cəmiyyətin ən böyük bəlasıdır.

- Müəllimlik sizin üçün nə ifadə edir?

- Məni incidən cümlələrdən biri budur: "Balın azdır, get müəllim ol". Müəllimliyi o qədər cılızlaşdırmışdılar ki... Müəllimlərin işə qəbulunun imtahanla olması çox gözəldir. Müəllimlik ucuz sənət deyil. Hər kəs müəllim ola bilməz. Hər peşənin öz çətinliyi var. Heç bir peşəni kiçiltmirəm, amma müəllimlik ən yüksək zirvədə olmalıdır. Hər bir sənətə yiyələnən vətəndaşı müəllim hazırlayır. Mühəndisin də, musiqiçinin də, xanəndənin, psixoloqun da müəllimi var.

- Kimlər müəllim ola bilməz?

- Psixologiyası yerində olmayan insan müəllim ola bilməz. Müəllim xırda səhvi bağışlamayan bir sənət sahibi olur. Bu adı layiqincə yerinə yetirənlər var. Amma müəllimə yaraşmayan hərəkət edənlər də az deyil. Artıq müəllim olmaq üçün insanlar bir çox mərhələlərdən keçir. Savadı və psixoloji durumu yerində olmayan insan müəllim adını daşıya bilməz. Müəllimlik əlçatmaz olmalıdır. Hamının müəllimi olub. Hər bir vətəndaş müəllimin əlinin altından keçir. Hansısa vətəndaş cinayət törədirsə, deməli, onun bünövrəsində nəsə var - ya ailəsində sıxıntı, ya da müəllimlərində çatışmazlıq...


Etiketlər:  Şagird müəllimini sevmirsə onun keçdiyi dərsin faydası yoxdur Örnək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ