Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Bu il 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur

Azərbaycan Prezidenti: Bu il 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur

Tarix: 4 Fevral 2020 00:42

Bu il 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Prezident İlham Əliyev qeyd edib:

"Bu il tarixi abidələrin bərpası üçün dövlət investisiya proqramında vəsait ayrılıb, biz buna da diqqət yetirməliyik. Bizim əsas tarixi abidələrimizin hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr var və onların hər biri bizim üçün əzizdir. Ona görə bu tarixi abidələrin bərpası, onların əsl vəziyyətinə çatdırılması və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərə maksimum diqqət göstərilməlidir.

Bakı şəhərinin nəqliyyatı yaxşılaşdırılır, indi həm dövlət, həm özəl sektor xətti ilə daha səmərəli fəaliyyət göstərir. Xüsusilə mən özəl sektoru qeyd etmək istəyirəm. Çünki onlar da görürlər ki, dövlət xətti ilə gətirilən avtobuslar bütün standartlara cavab verir. Onların isə istifadə etdikləri avtobuslar artıq çoxdandır yararsız vəziyyətə düşüb. Ona görə məsuliyyətli sahibkarlar dərhal bu işlərlə məşğul olmağa başlayıblar. Əminəm ki, bundan sonra da həm özəl qurumlar, həm dövlət sektoru bu işdə fəal olacaqdır. Ancaq Sumqayıtdan fərqli olaraq bizim başqa şəhərlərdə vəziyyət acınacaqlıdır. Şəhər nəqliyyatı bərbad vəziyyətdədir. İstifadə olunan avtobuslar heç bir meyarlara cavab vermir. Ona görə mən həm yerli icra orqanlarına, həm də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq göstəriş vermişəm ki, mənə geniş məlumat versinlər, mövcud avtobus parkı nə vəziyyətdədir? Biz bu məsələni də həll etməliyik. Hər bir şəhərdə nəqliyyat yaxşı olmalıdır. Yollar yaxşıdır, nəqliyyat da yaxşı olmalıdır ki, vətəndaşlar mənzil başına, iş yerinə rahat çata bilsinlər.

Bu il sosial infrastrukturla bağlı önəmli addımlar atılacaq. Onlarla məktəb, tibb müəssisəsi tikiləcək, təmir ediləcəkdir. İki Olimpiya İdman Kompleksinin açılışı nəzərdə tutulur. Bu il beş "ASAN xidmət" mərkəzi istifadəyə veriləcək və beləliklə, "ASAN xidmət" mərkəzlərinin sayı 21-ə çatacaq. Ancaq, əlbəttə, bu proses davam etdirilir. Bildirməliyəm ki, beş mərkəz bu il istifadəyə veriləcək, bundan əlavə daha altı mərkəzin açılışı da gündəlikdədir. Onlardan ikisi Bakıda tikiləcək və beləliklə, Bakıda mərkəzlərin sayı yeddiyə çatacaq. Çünki indi bəzi mərkəzlərdə növbələr yaranır. Biri Gəncədə. Gəncədə ikincisi olacaqdır. Biri Sumqayıtda, orada da ikincisi olacaqdır. Biri Lənkəran, biri isə Salyanda. Beləliklə, bu proqram maksimum 2021-ci ilin sonuna qədər başa çatmalıdır, bəlkə ondan da tez. Beləliklə, "ASAN xidmət" mərkəzlərinin sayı 27-yə çatacaq.

"DOST" mərkəzlərinin yaradılması daha geniş vüsət alacaq. Artıq iki mərkəz keçən il istifadəyə verilib və ümumiyyətlə, 30-dan çox "DOST" mərkəzinin yaradılması nəzərdə tutulur.

Digər sosial layihə şəhid ailələri üçün tikiləcək və təmin ediləcək mənzillərdir. Keçən il 934 şəhid ailəsinə mənzil verilmişdir. Bu il göstəriş vermişəm ki, bu rəqəm artırılsın və ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək.

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına gəldikdə isə, bu il yenə bu sahədə də rekord il olacaq. Çünki bu il 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur. Keçən il bu rəqəm 5 min idi. Beləliklə, təqribən 30-40 min köçkün yeni evlərlə təmin ediləcəkdir.

Sosial layihələr arasında ödənişli ictimai iş yerlərinin yaradılması da var. Bu da mənim təşəbbüsümlə irəli sürülmüş məsələdir, o vaxt ki, ölkəmizdə işsizlik bir qədər artmışdı. Onun da səbəbi o idi ki, neftin qiyməti 4 dəfə aşağı düşdü, biz məcbur olub investisiya xərclərimizi ixtisar etdik. Mən giriş sözümdə dedim, valyuta ehtiyatlarımızı, hətta bizim üçün ən ağır illərdə artıra bilmişik. Amma investisiya xərclərini azaltdıq və beləliklə, bu layihələrdə iştirakı nəzərdə tutulan insanlar işsiz qaldılar. Ona görə mənim göstərişimlə ödənişli ictimai iş yerləri yaradıldı. Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır. Ona görə çox ciddi nəzarət var. Əminəm ki, belə hallar təkrarlanmayacaq. Amma yenə də ciddi nəzarət olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, bütün iş yerləri qeydiyyatdan keçsin və nəzarət güclü olsun. Baxmayaraq ki, işsizliklə bağlı vəziyyət ötən il yenə də böyük dərəcədə yaxşılaşdı, amma əhali artır. Biz bunu nəzərə almalıyıq. Ona görə bu il də dövlət xətti ilə təxminən 40 minə yaxın iş yeri yaradılacaq.

Digər önəmli proqram özünüməşğulluq proqramıdır. Buna da biz bir neçə il əvvəl start verdik və böyük tələbat var. Bu, onu göstərir ki, biz düzgün addım atmışıq və bu proqramı genişləndiririk. Tələbat təqribən 40-50 min ətrafındadır. Ancaq biz keçən il 7-8 min insanı bu proqrama cəlb etdik. Bu il ən azı 10 min insan cəlb olunacaq. Onlara lazımi vasitələr, avadanlıq, mal-qara veriləcək. Bizim təşəbbüsümüzlə bu proqramı Dünya Bankı ilə birgə icra edirik. Yəni, yaradılacaq bu 10 min iş yeri üçün Dünya Bankının xətti ilə də vəsait nəzərdə tutulur. Bizə onların vəsaitindən çox təcrübəsi, ekspertizası lazımdır. Çünki Dünya Bankı dünyanın bir çox ölkələrində belə layihələr icra edib. Ona görə həm ekspertiza, həm əlavə maliyyə vəsaiti cəlb olunacaq. Mən Azərbaycanda fəaliyyət göstərən özəl banklara da demək istərdim ki, onlar da baxsınlar, bu proqrama qoşulsunlar və proqram daha geniş vüsət alsın. Çünki qeyd etdiyim kimi, maraq böyükdür, tələbat da artır".


Etiketlər:  Azərbaycan Prezidenti köçkün ailəsi üçün mənzillərin evlərin verilməsi nəzərdə tutulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ