Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 21:22
Bütün dünyada olduğu kimi, Azərbaycanda da bir sıra estetik əməliyyatlara tələbat artır. Süd vəzilərinin ölçüsü və formasından, xüsusən südvermədən sonra dəyişimlərdən kompleks keçirən gənc qadınlar indi daha da əlçatan olan silikon qoyulması və süd vəzilərinin böyüdülməsi əməliyyatlarına üz tutur. Özlüyündə riskli olan süd vəzi əməliyyatları zamanı toxumalar ciddi travmaya uğrayır, süni olaraq toxuma altına implant yerləşdirilməsi fəsadsız ötüşməyə bilir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, mammoloq onkoloq Rəna Abdullayeva son diaqnoz qoyduğu xəstələrdən birinin süd vəzilərinin böyüdülməsi əməliyyatı keçirdiyini diqqətdən qaçırmayıb.
39 yaşlı pasiyent sol süd vəzidə ağrı, narahatlıq səbəbindən USM müayinədən keçir və onun süd vəzisində törəmə aşkarlanıb.
Biopsiyadan sonra sol süd vəzin xərçəngi diaqnozu təsdiqlənib. Xəstə əməliyyat və müalicəyə yönləndirilib.
Həkimin bildirdiyinə görə, qadın 2 il əvvəl süd vəzilərinə implant yerləşdirib və həmin ərəfədə müayinələrdən keçib və onda şiş yox imiş.
Hər halda pasiyent özü belə bildirir.
"Əslində törəmə əllə hiss olunurdu, lakin xəstəmiz özü bunu hiss etməyib, 1-2 ay ağrılardan sonra müayinə qərarına gəlib".
Süd vəzi xərçənginin məhz estetik əməliyyat və implantlardan sonra yarandığını dəqiq demək olmaz. Çünki risk təkcə burda deyil. Ola bilər əməliyyatdan öncəki müayinələr zamanı şiş çox kiçik olub və süd vəzi toxuması onu dəqiq görünməsinə imkan verməyib.
Gənc qadınlarda süd vəzi şişləri aqressiv formalarda ola bildiyindən, qısa müddətdə yaranıb böyüyə bilər.
"Xanımlarımız bəzən ailəsini qorumaq, psixoloji güvən qazanmaq, gözəllik naminə çox şeylərdən keçirlər. Amma problem özünə qarşı diqqətsiz və dəyərsiz olmaqdadır. Estetik əməliyyatlardan öncə hər şeydən çox özünüzü düşünün və mütləq peşəkar mammoloq müayinəsindən keçin. Eləcə də hər qadın evdə öz-özünü müayinə edib, süd vəzini yoxlamasını bacarmalı və bunu etməlidir".