Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 23:12
Ana hər birimiz üçün müqəddəs varlıqdır və biz onu çox sevirik. Çünki bizi dünyaya gətirən, böyüdüb tərbiyə edən, daim qayğımızı çəkən, həyat yollarında bizə düzgün addımlamağı öyrədən məhz anadır.
Dünyanın məşhur idmançıları arasında da anasını hər kəsdən çox sevən, onun bir sözünü iki etməyən insanlar az deyil. İlk görünüşdə sərt, zəhmli, möhkəm əzələyə malik məşhurlar əslində müqəddəs varlıq olan ananın qarşısında uşaq kimi müti və itaətkar olurlar. Bu idmançılar üçün analarının hər kəlmə sözü qanundur.
Sonxeber.net AZƏRTAC-a istinadən həmin idmançıların bəziləri ilə sizi tanış edir.
Kliçko qardaşları
Ukraynalı Kliçko qardaşlarını tanımayan yoxdur. Boks aləmində kifayət qədər uğurlara imza atan bu qardaşlar analarını həddindən artıq sevirlər. Uşaq ikən anası onlara sevdikləri işlə, yəni, boksla məşğul olmağa ancaq bir şərtlə icazə verirdi ki, onlar bir-biri ilə heç vaxt döyüşməsinlər. Həm Vitali, həm də Vladimir həmişə analarının bu nəsihətini "qulaqlarına sırğa ediblər", bir sözlə, analarının sözündən çıxmayıblar. Promouter Don Kinqin Las-Veqasda Kliçko qardaşları arasında döyüş təklifindən imtina etmələri də məhz bu səbəbdəndir.
Ukraynalı qardaşlar analarının sözündən çıxmadıqları üçün isə Don Kinqə nə az, nə çox, düz 100 milyon dollar ödəməli olublar.
Frenk Lempard
Tanınmış ingiltərəli futbolçu, Londonun "Çelsi" klubunun hazırkı baş məşqçisi Frenk Lempard da anasına çox bağlı olanlar siyahısında yer alan idmançılardandır. Frenk Lempard anası dünyasını dəyişənədək hər zaman ondan məsləhət alıb, gördüyü hər bir işdə, verdiyi hər bir qərarda anasına qulaq asıb.
Lempard da Kliçko qardaşları kimi anasına bağlı olduğunu heç kimdən gizlətmir. "Nə deyim, "ana uşağı" olduğumu gizlətmirəm. Ömrü boyu anama bağlı olmuşam. Mənə həyat verən əziz varlığa sevgimi heç cür izah edə bilmirəm. Anamın həyatdan köçməsi mənə böyük zərbə oldu. Həyat yoldaşım əvvəllər mənə "ana uşağı" deyərək gülürdü. Çünki mən ailə həyatı qurandan sonra belə bir az nasazlayan, xəstələnən kimi o dəqiqə anamı çağırardım", - deyə futbolçu bildirib.
Kriştianu Ronaldu
Məşhur futbolçu, 5 dəfə (2008, 2013, 2014, 2016, 2017) dünyanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldu da anasını çox sevir. Portuqaliya mediasının yazdığına görə, Ronaldunun top model İrina Şeykdən ayrılmasına məhz onun anası Kristi Dolores səbəb olub. Dolores İrinanın oğlu ilə tanışlığının ilk günlərindən ondan xoşlanmayıb. Hətta onlar Ronaldunun oyununu izləyərkən tribunada ayrı lojalarda otururdular.
Cütlüyün ayrılmasına səbəb olan məlum hadisə isə 2014-cü il dekabrında Birləşmiş Ərəb Əmirliyində baş verib. Ronaldu anasının 60 illik yubileyini qeyd etmək üçün ona sürpriz olaraq burada ziyafət təşkil etmişdi. İrina isə həmin şənlikdə iştirak etməkdən boyun qaçırıb. Sevgilisinin bu hərəkəti Ronaldunu əsəbləşdirərək özündən çıxarıb. Məhz bu hadisə portuqaliyalı futbolçu və rusiyalı modelin beşillik sevgi münasibətlərinə son qoymaq üçün bəs edib. Amma Ronaldu bundan heç də təəssüflənmir.
Murat Yakın
Türk əsilli İsveçrəli sabiq futbolçu Murat Yakının anası Əminə Yakın oğlunu təkbaşına böyüdüb. Əminə xanım yeganə övladını futbola cəlb edib və həmişə, hər yerdə, hətta məşqlərdə belə onun yanında olub. İş o həddə çatıb ki, "Bazel" komandasının məşqçisi Əminə Yakına buna görə qadağa qoymaq istəyib. Anası Murat Yakının peşəkar futbolçu olmasına baxmayaraq, həmişə məşqlərdə onu müşayiət edirdi. Məşqçinin onu oğlunun yanından uzaqlaşdırmaq cəhdlərinə baxmayaraq, anası oğlunu heç vaxt tərk etmədi. Beləliklə, məşqçinin istəyi ürəyində qaldı.
Hazırda Murat karyerasını baş məşqçi kimi davam etdirir və məşqlərdə kimin iştirak edib-etməyəcəyinə özü qərar verir. Bu, onun anasını çox sevindirir. Çünki ürəyi istədiyi vaxt oğlunu görə, izləyə bilir.
Aleksandr Oveçkin
Aleksandr Oveçkini tanıyanlar onun həyatında anasının böyük önəm daşıdığını bilirlər. Məşhur rusiyalı xokkey ustası indi də anasından ayrı qala bilmir. Aleksandrın anası Tatyana Oveçkina tanınmış basketbolçu olub və hazırda məşqçidir. O, 1976-cı ildə Monrealda keçirilən Yay Olimpiya Oyunlarında və "Moskva-1980" Olimpiadasında basketbol üzrə SSRİ qadın yığmasının heyətində uğurlar qazanıb. Oveçkina nə qədər çalışsa da, oğlunu basketbol idman növünə cəlb edə bilməyib. Əvəzində Aleksandr xokkeyə üstünlük verib və ana da sonda bununla razılaşıb. Bu idman növündə ilk addımlarını anasının dəstəyi ilə atan tanınmış idmançı ona həmişə minnətdardır və həmişə valideynlərindən məsləhət alır. "Mən indi də valideynlərimdən məsləhət alıram. Çünki ana, ata, bacı və qardaş insanın ən yaxın dostlarıdır. Hər şeyi məsləhətlə etmək lazımdır. Necə ki, bunu komandada edirik. Onlar da mənim ailə komandamdır. Yaxşı yadımdadır, 14-15 yaşım olardı. Mənim ilk məvacibim 200 dollar olub. O vaxt onu anama verib dedim ki, özün xərclə".