Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuq havada dərini qorumağın YOLLARI

Soyuq havada dərini qorumağın YOLLARI

Tarix: 6 Fevral 2020 23:27

Soyuq aylarda külək, şaxta, rütubətli hava və yağıntılar öz gözəlliyinə biganə qalmayan xanımlar üçün arzuolunmaz hallar yaradır.

Sonxeber.net yenicag.az-a istinadən bildirir ki, həmin havada üz və əl dərisi, göz ətrafı, dodaqlar quruyaraq kobudlaşır, saçlar öz təravətini və canlılığını itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektrikləşmiş saclarla assosiasiya olunur.

Qış aylarında çox isti vanna və duş qəbul etmək dəridəki təbii yağların ifrazını artırır, onun qorunmasını yaxşılaşdırır. Belə havada duş qəbul etmək dəri üçün çox xeyirlidir. Duş qəbul edərkən 15 saniyə soyuq suyun altında qalmaq lazımdır, daha sonra suyun istiliyi bir az da artırılır və azaldılır. Proseduru 2 dəqiqə ərzində aparmaq sadə hidroterapiya əməliyyatıdır. Həmin üsulla orqanizmin qan dövranını təmizləyərək dərinin təravətlənməsinə nail olmaq mümkündür.

Limon qatılmış isti su içmək pis görünüşlü dəriyə səbəb olan toksinlərin daha tez ifraz olunmasına və qanın təmizlənməsinə kömək edir. Masaj vasitəsilə dərinin əvvəlki parlaqlıq və təravətini qaytarmaq mümkündür. Masaj zamanı lazımi krem, lasyon və yağlardan istifadə etmək məsləhətdir. Bir qaşıq qarğıdalı ununu qatıqla qarışdıraraq əl, üz və ayaqlara sürtülüb masaj edilməsi dərinin təmizlənməsi və yumşaldılmasına səbəb olur.

Dermatoloqlar qarlı havada əks olunan şüaların dərini zədələdiyini söyləyirlər. Yay aylarında olduğu kimi, soyuq havalı günlərdə də qoruyucu kremlərdən istifadə edilməsi məsləhətdir. Soyuq havanın təsiri dəridə quruluğa səbəb ola bilər. Ona görə də quruluğun qarşısını almaq üçün tərkibində yağ olan və dərini qurutmayan şampunlara üstünlük verilməlidir. Hər dəfə vanna və duş qəbul ediləndən dərhal sonra dəri nəm olarkən nəmləndirici kremlərdən istifadə etmək faydalı təsir göstərir.

Soyuq günlərdə üz dərisinə xüsusi diqqət göstərmək tələb olunur. Kosmetik vasitə həddindən artıq quru və ağır tərkibli olmamalıdır. Mütəxəssislərin dediyinə görə, makiyajı təmizlədikdən sonra mütləq qış fəsli üçün nəzərdə tutulan nəmləndirici krem çəkilməlidir. Kremin tərkibində qliserin, lanolin, mineral və yağ olması daha yaxşıdır. Qliserin dəri üçün qoruyucu rol oynayır və nəmi saxlayır, lanolin yağı isə onu yumşaldır və hamarlaşdırır. Üzü yuyandan dərhal sonra nəmləndirici krem çəkmək, daha sonra yüngül şəkildə masaj edərək nəmli dəriyə hopdurmaq lazımdır. Lakin bundan sonra ən azı 1 saat şaxtaya çıxmaq məsləhət deyil. Soyuq havaya çıxarkən üzü şal və ya şərflə örtmək çox vacibdir. Nəmliyini itirən üz dərisini buxar vannası ilə yenidən təravətləndirmək mümkündür. Sauna və hamama girmək imkanı olmayanda ev şəraitində aptek çobanyastığı dəmləməsi qatılmış qaynar sudan istifadə edilir. Üzü həmin qarışıq olan qaba tutaraq 10 dəqiqə saxlamaq lazımdır. Buxarın kənara yayılmaması üçün başı dəsmalla bürümək olar. Daha sonra üzü qurudaraq nəmləndirici krem çəkilməsi dərini təravətləndirir və yumşaldır. Üzə çəkilmiş makiyajı təmizləmədən yatmaq çox ziyanlıdır.


Etiketlər:  Soyuq havada dərini qorumağın YOLLARI


RƏYLƏR