Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 15:20
İş həftəsi 6 günlük olduğu halda da, həftəlik 40 saatlıq normaya riayət olunmalıdır.
Sonxeber.net bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində məsələ ilə bağlı süjet yayımlanıb.
Şəhər sakini ilə söhbət:
- İş rejiminiz nə qədərdir?
- 7-8 saat. Minimum 7 saat. 10 saat olsa, daha gözəl olar.
- Niyə 10 saat olsa gözəl olar?
- Qazanc daha çox olur çox işləyəndə.
İnsan gün ərzində maksimum nə qədər işləməlidir?
Aynur Osmanqızı - DƏMX-in mətbuat katibi: "Əmək Məcəlləsinin 89-cu maddəsində qeyd olunub ki, 1 günlük, yəni gündəlik iş norması 8 saatdır. Gündəlik iş normasına uyğun olaraq, həftəlik iş norması isə Əmək Məcəlləsində isə 40 saat müəyyən olunub. Əgər həftəlik iş norması 40 saatdırsa, həftə 6 günlük iş rejimidirsə, bu halda 1 gündə maksimum 7 saata qədər işçi işlədilə bilər".
Yalnız müstəsna hallarda işçi gün ərzində 8 saatdan artıq işləyə bilər.
Samir Qasımov - Vəkil: "Hansısa bir fövqəladə hal baş verməlidir iş yerində. Məsələn, dəzgah xarab olub, həmin dəzgah düzəlməsə, mallar korlana bilər. Və yaxud iş növbəlidirsə, digər növbə vaxtında gəlib işə çata bilməyib. İşdə fasilə vermək olmaz, əvvəlki növbə daha çox işləməyə məcbur olur".
Bəzi idarə və təşkilatlarda işçilərin gün ərzində 8 saatdan artıq işləməsi halları mövcuddur. Onların artıq iş saatlarına görə əmək haqlarının hesablanması da çox vaxt adi qaydada aparılır. Bu da işəgötürənlə işçi arasında əmək mübahisələrinin yaranmasına gətirib çıxarır.
Samir Qasımov - Vəkil: "İş vaxtından artıq iş həmişə işəgötürənin ayrıca əmri ilə rəsmiləşdirilməlidir. Həmin işin hər saatına görə saatlıq tarif maaşının ikiqatı məbləğində əməkhaqqı ödənməlidir".
Mütəxəssislərin sözlərinə görə, iş yerində sutkada 8 saatdan artıq çalışanın hər əlavə 1 saatı onun sonrakı faydalı iş qabiliyyətini və məhsuldarlıq səviyyəsini aşağı salır.
Mürvət Həsənli - Mütəxəssis: "8 saat işləmək, 8 saat əylənmək, 8 saat yatmaq. Bu, o deməkdir ki, həmin işçilər 8 saat ərzində işləyəndən sonra həm əylənirlər, istirahət edirlər, sabah üçün böyük bir enerji yığırlar. Həm bu, işçilərin işgüzarlığını artırır, həm məhsulun keyfiyətini artırır".
Mütəxəssis onu da əlavə edir ki, əgər işçi həftədə 40 saatdan artıq çalışırsa, bu zaman işəgötürən udmaq əvəzinə, uduzmağa başlayır.
Mürvət Həsənli - Mütəxəssis: "Biz mütəxəssilər yetişdiririk. Həm buna maliyyə xərcləyirik, həm də uzun bir zaman xərcləyirik. O insanı 8 saatdan çox işlədəndə, o insan başqa bir şirkətə gedir. Başqa bir şirkətə yönəlir. Amma orada itirən kimdir, yenə sahibkar. Ona görə 8 saatlıq iş rejiminə riayət etmək elə sahibkarın öz xeyrinədir".
Qeyd edək ki, hazırda ƏƏSMN gündəlik 8 saat iş vaxtının normasına nəzarət olunması ilə bağlı təklifləri hazırlayır. Həmin təkliflər planı tezliklə hökumətə təqdim olunacaq. Müvafiq qərar veriləndən sonra nazirlik tərəfindən iş vaxtının normasına nəzarət mexanizmi müəyyən ediləcək.