Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 10:44
2019-cu il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 19 030,6 milyon manat, büdcə xərcləri isə 11 588,6 milyon manat təşkil edib.
Fonddan Sonxeber.net-a bildirilib ki, 2019-cu il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 404,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 14 614,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 18,9 milyon manat təşkil edib.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 625,9 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 19,1%-ni təşkil edir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 731,7 milyon manat təşkil edib.
Ötən il ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 11 364,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat vəsait ayrılmışdır. 2019-cu il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 24,3 milyon manat təşkil edib.
2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 12,48% artaraq 43 323,3 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu il ərzində müvafiq göstərici 21,5% (özəl səhmlər daxil olmaqla) təşkil edib.