Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 21:46
Çinli tədqiqatçılar yeni növ koronavirusu xəstənin göz yaşlarında və gözdən gələn selikli ifrazatda aşkarlayıblar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Çjetszyan Universitetinin Tibb İnstitutu nəzdindəki birinci xəstəxanadan olan tədqiqatçılar qrupu xəstəxanada yanvarın 26-dan fevralın 9-dək olan dövrdə yeni koronavirusun təsdiqləndiyi 30 pasiyentdən götürülən nümunələrin tədqiqini aparıb.
Təhlil nümunələri arasında konyunktivit xəstəliyi olan pasiyentlərin birindən götürülmüş iki selikli ifrazat və göz yaşı nümunəsində yeni virusun mövcudluğu müşahidə edilib. Bununla yanaşı, digər pasiyentlərdən götürülmüş daha 58 nümunədə virusun yoxluğu aşkar olunub.
Xəstəxananın direktorunun müavini Şen Ye qeyd edib ki, virusəleyhinə müalicə sayəsində bu pasiyentdə konyunktivitin kəskinliyi azalıb və onun gözləri koronavirusun olmadığını göstərib.
Şen Yenin sözlərinə görə, tədqiqatın müəllifləri hesab edirlər ki, koronavirusun gözlər vasitəsilə ötürülməsi riski də mövcuddur, yəni hava-damcı yolu xəstəliyin yeganə ötürülmə yolu olmaya bilər. Bundan başqa, Şen Ye, həmçinin xatırladıb ki, koronavirusa yoluxma şübhəsi olan vətəndaşları müayinə edərkən tibbi heyət təkcə maska deyil, həm də qoruyucu eynəklər taxmalıdırlar.