Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 16:04
Sumqayıt şəhəri 49-cu məhəllədəki evlərin birində müəmmalı yanğınlar baş verir.
Sonxeber.net Baku TV-yə istinadən bildirir ki, bir neçə gündür ki, evin fərqli otaqlarında əşyalar öz-özünə alovlanır.
Həmin mənzil sahiblərindən biri Şahid Məmmədovun sözlərinə görə, hər gün baş verən bu hal onları qorxuya salıb. Hətta vəziyyət o yerə çatıb ki, evdəki bütün əşyalar həyətə daşınıb.
Ən maraqlısı isə yanğının axşam azanından sonra dayanmasıdır.
Müəmmalı hadisəyə qonşular da şahidlik edib. Onlar evdə olduqları zaman müxtəlif yerlərin qəfildən alovlandığını deyirlər.
Ev sahibləri deyir ki, bu vaxta qədər yanğın nəticəsində televizor, divan-kreslo, pərdə və elektrik naqilləri yararsız hala düşüb.
Əvvəlcə elə düşünülüb ki, alov elektrik naqillərindəki qısaqapanmadan yaranır, lakin sonradan bunun müəmmalı şəkildə baş verdiyi görünüb.
Qeyd edək ki, sözügedən evdə yeddi nəfərdən ibarət iki ailə yaşayır.
Məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Bundan sonra evə gələn mütəxəssislər elektrik xətlərinə baxış keçirib və nasazlıq aşkarlanmayıb. Lakin bu qorxulu mənzərə demək olar ki, hər gün yaşanır.