Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kənar qüvvələr ölkədə qadın azadlığı siyasətinin əsil mahiyyətini təhrif etməyə çalışırlar''

''Kənar qüvvələr ölkədə qadın azadlığı siyasətinin əsil mahiyyətini təhrif etməyə çalışırlar''

Tarix: 9 Mart 2020 13:27

Gender bərabərliyinin praktik həllinə nail olmaq Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, Azərbaycanda bu siyasət ilk növbədə fasiləsiz, sistemli, məqsədyönlü və şüurlu seçilmiş kurs kimi həyata keçirilir:

"Azərbaycanın Avropa Şurasına və digər Avropa strukturlarına yaxın inteqrasiyasının başlandığı 2001-ci ildən etibarən gender bərabərliyi siyasəti daha sistemli xarakter almağa başlayıb. Gender bərabərliyi uzunmüddətli və daimi dövlət fəaliyyət konsepsiyası kimi həyata keçirilir. Sübuta ehtiyac yoxdur ki, bu strateji dövlətçilik kursu Azərbaycanın həm daha səmərəli beynəlxalq inteqrasiyaya nail olmaq maraqlarından irəli gəlir, həm də cəmiyyətimizdə dinindən, millətindən, sosial mənşəyindən, demoqrafik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların total həmrəyliyinə nail olmaq məqsədindən irəli gəlir. Bu gün Azərbaycan dövləti ölkədə total ictimai həmrəyliyə möhkəm "sistem sabitliyinə" nail olmağın ən ümdə üsulu kimi baxır. Daha konkret desək, hər kiçik təlatümün təsiri altında pozula bilən sabitlik sistemi qurmaq Azərbaycan dövlətinin mənafelərinə qəti cavab vermədiyi üçün siyasət bu istiqamətdə qurulmur və tam etibarlı sayılan "sistem sabitliyinin" bərqərar edilməsinə xüsusi önəm verilir. Dünya təcrübəsi göstərir ki, gender bərabərliyinin həyata keçirilməsi "sistem sabitliyinə" nail olmağın ən səmərəli yollarından biridir".

Baş redaktor bildirib ki, Azərbaycanda gender bərabərliyi qanunvericilik və praktik fəaliyyət xarakteri daşımaqla əsasən iki istiqamətdə həyata keçirilir. Müvafiq qanun aktları, dövlət fəaliyyət proqramlarının qəbul edilərək həyata keçirilməsi ictimai və dövlət həyatının bütün sahələrində qadınlarla kişilərin bərabər iştirakına ilkin imkanlar yaradılmasında həlledici rol oynayır:

"Bu gün Azərbaycanda "kimsə qadın olduğu üçün filan vəzifəni tuta və ya filan işlə məşğul ola bilmir" kimi mülahizələrin praktik şəkildə yoxluğu onu göstərir ki, ölkəmiz gender bərabərliyinin hüquqi və praktik əsasları ilə bərabər, həm də psixoloji əsaslarını yarada bilib. Azərbaycanda qadın-kişi bərabərliyinin hüquqi, praktik və psixoloji əsaslarının yaradılması ölkəmizin mühüm nailiyyətlərindən biri sayılmalıdır.

Azərbaycanda gender bərabərliyi siyasətinin nəticələri özünü bütün ictimai və dövlət sferalarında göstərir. Qadınlar təhsil, tibb sahəsində, təyinatlı və seçkili dövlət vəzifələri tutmaqda, bizneslə məşğul olmaq, sərbəst peşə seçməkdə heç bir məhdudiyyət qoyulmayan sərbəstliyə malikdir. Ölkəmizdə gender bərabərliyi siyasətinin mühüm təzahür xüsusiyyətlərindən biri onun dini, milli-mənəvi dəyərlərlə və adət-ənənələrlə düzgün əlaqələndirilməsidir. Müəyyən dünya mərkəzlərinin gender bərabərliyi adı altında ölkəmizin tarixi dəyərlər və ənənələr sistemini dağıtmaq məqsədi güddüyü aydın şəkildə özünü göstərib və göstərir. Belə şərt daxilində Azərbaycan dövlətinin gender bərabərliyini milli xüsusiyyətlərin qorunması ilə paralel aparması həqiqətən ən ağıllı və uzaq hədəflərə hesablanmış siyasət kimi özünü göstərir. Azərbaycan gender bərabərliyinin milli-mənəvi və tarixi xüsusiyyətlərlə uzlaşdırılmasının ən müasir modelini yarada bilib. Azərbaycanın özünəxas gender bərabərliyi modeli özündə ümumi vətəndaş həmrəyliyinin, insan tərbiyəsinin, vətəndaş tərbiyəsinin və milli-mənəvi saflığın əlamətlərini cəmləşdirib.

Lakin təəssüf ki, hələ də ölkəmizdə gender bərabərliyi məsələsində yanlış siyasət prinsipləri ilə hərəkət etmək əlamətlərinə rast gəlinir və belə cəhdlərin arxasında Azərbaycanın milli dəyərlərini hədəfə almış beynəlxalq dairələrin olduğu şübhə doğurmur. Azərbaycanın milli və dini dəyərlərə uyğun gender bərabərliyi siyasəti ən düzgün kurs kimi cəmiyyətimizin mütləq əksəriyyəti tərəfindən məqbul qarşılanır. Kənardan idarə olunan müəyyən siyasi və məişət prinsipləri ilə hərəkət edən dairələr ölkəmizdə qadın azadlığı və bərabərlik siyasətinin əsil mahiyyətini təhrif etməyə, beynəlxalq öhdəliklərlə guya uyğun gəlməyən bir vəziyyət görüntüsü yaratmağa çalışırlar. Heç bir perspektivi olmayan belə təftişçi yanaşmalara Azərbaycan cəmiyyətində ictimai dəstəyin olmadığı real faktdır".

Ekspert bildirib ki, bütün milli, mənəvi və dini dəyərlərin deformasiya etdirilməsi əsasında Azərbaycanı bizə yad cəmiyyətlərlə eyniləşdirmək və oxşatmaq səylərinin heç bir gələcəyi yoxdur:

"Qadın bərabərliyi kontekstində Azərbaycan üçün bəzən elə yad və ağlasığmaz hərəkatlar yaratmaq cəhdlərinə rast gəlinir ki, cəmiyyətimiz özü onları kəskin şəkildə ittiham və rədd edir. Bu gün ölkəmizdə qadın bərabərliyinə yönəlik rəsmi siyasətə hər hansı alternativ düşünmək və həyata keçirmək cəhdləri Azərbaycana düşmən və yad siyasət kimi inkar edilməlidir və edilir".


Etiketlər:  Kənar qüvvələr ölkədə qadın azadlığı siyasətinin əsil mahiyyətini təhrif etməyə çalışırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ