Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2019 20:04
Bakı. Trend:
Bakıda keçirilən yarışlara hər il gəlməyə hazıram.
Bunu Trend-ə Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının iştirakçısı ukraynalı gimnast Anastasiya İsayenko bildirib.
A.İsayenkonun sözlərinə görə, o, yarışların ikinci günü çərçivəsində öz çıxışından razı qalıb: "Mən Bakıya üçüncü dəfədir gəlirəm, I Avropa Oyunlarında çıxış etmişəm. Bundan əlavə,ötən il məşqçi qismində öz tələbələrimi Açıq Azərbaycan Çempionatına və Bakı Birinciliyinə gətirmişəm. Bakıda yarışların təşkilatından xoşum gəlir, buraya hər il gəlməyə hazıram. Bakıdakı kimi şərait və təşkilat heç bir yerdə yoxdur".
Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.
Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.
Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.
Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.
Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin