Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 19:06
Bina köhnə, sovet dövründə tikilən bina olsa da, ona edilən əlavələr yenidir. Bəli, şəhərin müxtəlif yerlərində bu cür tikililərə rast gəlmək mümkündür. Əksər mənzil sahibləri yaşadığı mənzillə kifayətlənmir, onun ərazisindən çıxaraq, əlavə otaqlar tikir.
Sonxeber.net xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı sujet yayımlanıb.
Təbii ki, edilən bu əlavələr həm binanın xarici görünüşünə xələl gətirir, həm də binada baş verə biləcək fövqəladə vəziyyətlərin riskini artırır.
Şirin Şərifov - Ekspert: "Bunlar nəiki ev sahiblərinə, hətta o binanın həyətindən keçən insanlara belə təhlükə yaradan amillərdir. Hər hansı bir zəlzələ zamanı fəlakət qaçılmaz olur. Bu sütunların, dayaqların nə texniki şərtlər əsasında, nə də ki, hər hansı bir başqa konstruktiv standartlar əsasında tikintisi olmayıb".
Bəzi yerlərdə mənzil sahibləri hətta daha böyük əlavələr ediblər. Məsələn 4 mərtəbəli köhnə tikilinin 3-cü mərtəbəsindəki, mənzilə 2 otaq əlavə edilib. Bu otaqların da sahəsi kifayət qədər böyük ərazini əhatə edir.
Mənzil darısqallığı səbəbindən vətəndaşın özbaşına mənzilinə əlavə eyvan və yaxud otaq artırması qanunsuz hesab olunur.
Şirin Şərifov - Ekspert: "Bu tamamilə binanın konstruktiv hissəsinə zərərdir, ziyandır. Fövqəladə Hallar Nazirliyi tərəfindən də yol verilmir. Yəni buna öncədən hər hansı bir vasitə ilə icazə və yaxud da göz yummaq nəticəsində tikintilər aparılıb".
Bu cür əlavə tikililər binalar plana düşüb, söküləndə tikinti şirkətləri ilə mənzil sahibləri arasında mübahisələrə də səbəb olur.
Məhəmməd Musayev - İnşaat mühəndisi: "Xüsusən də bu plana düşəcəyi hiss olunan ərazilərdə baş verir. Sürətlə, hər gecə bir yeri örtməyə çalışırlar.
Evinin damının üstündə 2 metr əlavə tikili qaldırır, yapışır ki, bunu da səhəyə salmalısan. Və başlayır problemlər çıxarmağa ki, ay haray mənim evim böyük idi, mənim evimi əlimdən aldılar, az ev verdilər".
Ekspertlər hesab edirlər ki, ancaq zəruri və razılıq əsasında bunu həyata keçirmək mümkündür. Vətəndaş yaşayış binasına əlavə dəyişiklik edirsə, bunun üçün müvafiq qurumların razılığı olmalıdır. Məsələ ilə bağlı müraciət etdiyimiz Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, belə əlavələr əsasən köhnə tikililərdə olduğu üçün, buna icazəni də əvvəllər rayon icra hakimiyyətləri verib. Rayon icra hakimiyyətləri isə bunu təkzib edir və icazəni başqa qurumun verdiyini bildirirlər.
Hüseyn Cəfərov - Nərimanov RİH-nin şöbə müdiri: "2001-2018-ci illər o tipli tikililər BŞİH-in nəzdində fəaliyət göstərən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən eskiz layihəsi tərtib olunurdu. Ona uyğun tikinti aparılırdı. Onların da nə tikintisinə, nə söküntüsünə rayon icra hakimiyətləri səlahiyətli deyil".
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəznində fəaliyyət göstərən Memarlıq və Şəhərsalma Baş İdarəsi 2018-ci il avqustun 1-dən etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.