Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 23:42
Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bu haqda məlumat verib.
Onun sözlərinə görə, sözügedən qərar koronavirus infeksiyası ilə əlaqədar qəbul edilib.
Xatırladaq ki, karate üzrə Avropa çempionatı 25 - 29 martda Bakıda keçirilməli idi.
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.