Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 15:15
Bakı. Trend:
Azərbaycanın Macarıstandakı səfirliyi 18 mart 2020-ci il tarixdə Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunmasını planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyi rəsmi saytında müraciət ünvanlayıb:
"Əziz həmvətənlər!
Məmnuniyyət hissi ilə qeyd etmək istərdik ki, Azərbaycan hökuməti müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Macarıstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyə olunması ilə əlaqədar 18 mart tarixdə Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunmasını planlaşdırır.
Bununla əlaqədar olaraq bildiririk ki, həmin çarter reysi vasitəsilə ilk növbədə WizzAir şirkətinin 15 və 19 mart tarixlərində uçuşları ləğv olunmuş Azərbaycan vətəndaşlarının təxliyə olunması nəzərdə tutulur.
Təyyarənin tutumu imkan verdiyi təqdirdə mart ayının sonuna qədər WizzAir şirkətinin təxirə salınacaq reysinin Azərbaycan vətəndaşları olan sərnişinləri və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələrimizin müraciətləri nəzərə alınacaq.
Əlavə olaraq bildiririk ki, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar. Bununla əlaqədar olaraq, sərnişinlərin Heydər Əliyev hava limanında eniş zamanı COVİD-19 ilə bağlı Azərbaycan Respublikası tətbiq olunan qaydalara ciddi şəkildə riayət etməli xahiş olunur".